Petsi Matsu Takemoto Mink (; ) – ABŞ-nin Havay ştatını təmsil etmiş yaponəsilli siyasətçi. O, ABŞ Nümayəndələr Palatasına seçilmiş (1964) və ABŞ prezidentliyinə namizəd olmuş (1972) ilk asiyalı amerikalı qadın olmuşdur.
Mink Demokrat Partiyanın nümayəndəsi kimi 1965–76, daha sonra isə 1991–2002-ci illərdə vəzifədə olmuşdur. O, Cimmi Karter administrasiyasında ABŞ dövlət katibinin köməkçisi və Demokratik Hərəkat üçün Amerikalılar qrupunun prezidenti vəzifələrini yerinə yetirmişdir.
İlk illəri Petsi Mink 6 dekabr 1927-ci ildə Havay adalarının Maui adasında yerləşən Paia yaşayış məntəqəsində doğulmuşdur. O, ikinci nəsildən olan yaponəsilli amerikalı ailəyə mənsub idi. 1944-cü ildə Maui liseyindən valediktor kimi məzun olmuş, daha sonra Havay adaları və kontinental ABŞ-də yerləşən kolleclərdə təhsil almışdır. Nebraska Universitetində təhsil alarkən universitetin seqreqasiyaçı yataqxana siyasətinə qarşı kampaniya başlatmışdır. Daha sonra Havay Universitetinə transfer olmuş, 1948-ci ildə zoologiya və kimya sahələri üzrə bakalavr dərəcəsi əldə etmişdir.
Mink qadın olduğu üçün tibb məktəbinə daxil ola bilməmiş, buna görə də Çikaqo Universitetində hüquq üzrə təhsil almağa başlayaraq 1951-ci ildə dərəcə əldə etmişdir. 1953-cü ildə Havaya qayıtmış və burada hüquq sahəsində işləməyə başlayan ilk asiyalı amerikalı qadın olmuşdur. O, həmçinin Havay Universitetində biznes hüququ dərsləri verməyə və Demokrat Partiyanın siyasətinə daxil olmağa başlamışdır. 1954-cü ildə Oahu Gənc Demokratlar təşkilatını yaratmışdır.
Siyasi karyerası Mink 1956-cı ildə seçkili siyasətə daxil olmuş və Havay Ərazi Palatasında yer tutmuşdur. 1957-ci ildə Havay Ştatı Senatına seçilmiş, əvvəlcə 1959-cu ilə kimi, daha sonra isə 1962–64-cü illərdə senatda fəaliyyət göstərmişdir. O, 1964-cü ildə Havay ştatının nümayəndəsi kimi ABŞ Nümayəndələr Palatasına seçilmişdir.
Mink Konqresdəki fəaliyyəti zamanı vətəndaş hüquqları, sağlamlıq, təhsil və qadın hüquqları üçün çalışmışdır. O, ən çox 1972-ci ildə qəbul edilmiş IX Başlıq qanununun həmmüəllifi olmasına görə tanınır. Bu qanuna əsasən dövlət tərəfindən maliyyələşdirilən ali təhsil müəssisələri büdcələrini oğlan və qız tələbələr üçün bərabər xərcləməlidir.
Mink 1976-cı ildə ABŞ Senatına seçilmək üçün Konqresdəki yerindən imtina etmiş, lakin uğursuz olaraq Vaşinqtonda qalmışdır. O, 1976–78-ci illərdə Karter administrasiyasında okeanlar, beynəlxalq mühit və elmi münasibətlər üzrə dövlət katibinin köməkçisi, 1978–81-ci illərdə isə Demokratik Hərəkat üçün Amerikalılar təşkilatının prezidenti olmuşdur.
Min 1980-ci illərin əvvəlində Havay ştatına qayıtmış, Havay Universitetində dərs demiş və Honolulu siyasətinə daxil olmuşdur. 1983-cü ildə Honolulu Şəhər Şurasına seçilmişdir. 1986-cı ildə Havay qubernatoru, 1988-ci ildə isə Honolulu meri üçün namizədlik versə də, uğursuz olmuşdur. 1990-cı ildə yenidən ABŞ Nümayəndələr Palatasına seçilmişdir.
Ölümü və xatirəsi Mink 28 sentyabr 2002-ci ildə ağciyər iltihabı nəticəsində ölmüşdür. 2003-cü ildə onun şərəfinə Azbüdcəli Qadın və Uşaqlar üçün Petsi Takemoto Mink Fondu yaradılmışdır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:ABŞ vəkilləri Kateqoriya:XX əsr ABŞ siyasətçiləri Kateqoriya:XXI əsr ABŞ siyasətçiləri Kateqoriya:ABŞ protestantları Kateqoriya:ABŞ qadın diplomatları Kateqoriya:Yaponəsilli amerikalılar Kateqoriya:Ağciyər iltihabından vəfat edənlər Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1972) Kateqoriya:Nebraska-Linkoln Universitetinin məzunları Kateqoriya:Çikaqo Universitetinin məzunları Kateqoriya:Havay Universitetinin məzunları Kateqoriya:XX əsr ABŞ diplomatları