200px|thumb|right|Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin loqosu 200px|thumb|right|DOST Agentliyinin strukturuna daxil olan Qarabağ Regional "DOST" Mərkəzinin inzibati binası (Bərdə). Prezident İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli fərmanı ilə yaradılan Agentlik ƏƏSMN-in tabeliyində fəaliyyət göstərir. "DOST" Mərkəzi isə ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, həmçinin ƏƏSMN-in fəaliyyət istiqamətlərinə uyğun sahələrdə xidmətlərin göstərilməsini təmin edən publik hüquqi şəxsdir. Azərbaycanda əmək hüququ — Azərbaycanda əmək hüququ ilə bağlı yaranan münasibətləri tənzimləyən müstəqil hüquq sahəsi. Əmək hüququ işçi ilə işəgötürən arasında yazılı formada bağlanan əmək müqaviləsi əsasında yaranan əmək münasibətlərini tənzim edir.

Hazırda Azərbaycanda əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu və işsizlikdən sığorta sahələrində dövlət siyasətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

Tarixi

XIX əsrin sonu XX əsrin əvvəlləri XIX əsrin ikinci yarısında Azərbaycanda kapitalist sənayesinin inkişafı, bir sıra sənət sahələrinin manufaktura səviyyəsinə yüksəlməsi, kənd təsərrüfatının bir çox sahələrinə muzdlu əməyin daxil olması yeni kapitalist cəmiyyətinin sinifləri olan burjuaziya və fəhlə sinfinin təşəkkül tapmasına şərait yaratdı. Özünün təşəkkül dövründə çoxmillətli burjuaziya sinfinin tərkibində azlıq təşkil edən Azərbaycan burjuaziyası sonrakı illərdə nisbətən qüvvətləndi. Milli burjuaziyanın yaranması zəhmətkeş təbəqəyə öz müsbət təsirini elə ilk illərdəcə göstərirdi. Belə ki, milli burjuaziya öz müəssisələrinə ilk növbədə müsəlmanları işə götürürdü.

Bakıda və Azərbaycanın digər qəzalarında sənaye ocaqları yarandıqca var-yoxdan çıxmış kəndlilər bu şəhərlərə axışırdı. Bu kəndlilərin heç da hamısı daimi olaraq Bakıda qalmır və fəhlə sinfinin təşəkkülündə iştirak etmirdi. Onlara mövsümi fəhlələr deyilirdi. Digərləri isə təsərrüfatla əlaqəsini tamamilə kəsir və sənaye müəssisələrində muzdla işləyən daimi fəhləyə çevrilirdi. Məhz onların hesabına Azərbaycanda fəhlə sinfi təşəkkül tapdı. Bu sinfin nümayəndələri ucuz işçi qüvvəsini təşkil edirdi. Bəhs edilən dövrdə əmək qanunvericiliyinin hüquqi əsasları hələ formalaşmamışdı.

250px|thumb|left|Şəmsi Əsədullayevə məxsus torpaq sahəsində fontan vuran neft və fontanın ətrafında çalışan fəhlə sinfinin nümayəndələri. Bakı, XX əsrin əvvəlləri Bakının zavod və fabriklərində iş vaxtı orta hesabla 10,5–11 saat davam edirdi. Neft və dağ-mədən sahəsində xarici kapitalistlər əməkhaqlarının təyin edilməsində milli ayrı-seçkilik edir, azərbaycanlılardan ibarət ixtisassız fəhlələrə xeyli aşağı maaş verirdilər. Müəssisələrdə qadın və uşaq əməyindən geniş istifadə edilirdi. Fəhlələrin iş şəraiti çox aşağı səviyyədə idi. Bakıda hər neft quyusu qazılıb istifadəyə verildikdən sonra orta hesabla 10 işçidən biri ölür və ya şikəst olurdu.

1902-ci ilin mart-avqust aylarında Bakı fəhlələrinin tətil və çıxışları başlayır. Mart ayının 21-də Bartford zavodunun fəhlələri əməkhaqqı almadıqlarına görə tətil etmişdilər. Daha sonra fəhlələr 1 may bayramını qeyd edirlər. 1903-cü ilin yayında baş qaldıran Bakı fəhlələrinin ilk ümumi tətili isə tezliklə yatırılır.

1904-cü il dekabrın 13-də Bakı fəhlələrinin ikinci ümumi tətili başladı. 34 maddədən ibarət tələblər içərisində 8 saatlıq iş günü, həftəlik məcburi istirahət günlərinin verilməsi nəzərdə tutulurdu. Beləliklə, 1904-cü il dekabrın 30-da fəhlələrlə sahibkarlar arasında ilk müştərək müqavilə imzalandı. Fəhlələr bu müqaviləni "Mazut konstitusiyası" adlandırdılar. Müqavilənin şərtlərinə görə əməkhaqqı 20% artdı, 9 saatlıq iş günü müəyyən edildi, fəhlələrin tətil etdiyi günlərin maaşı ödənildi.

Həmin dövrdə əmək hüquqlarının qorunması ilə bağlı qanunvericilik olmadığına görə müəssisə sahibləri heç bir məsuliyyət daşımırdılar. Bu səbəbdən iş vaxtı bədbəxt hadisələrin sayı artırdı. Nəhayət, 1903-cü ildə "İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında", 1912-ci ildə isə "Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında" qanunlar qəbul olunmuşdu. Bununla belə, 1912-ci il qanunu fəhlələri qane etmirdi: qanun dövlət müəssisələrinin və xırda sənaye müəssisələrinin fəhlələrinə, kənd təsərrüfatı proletariatına və ticarət-sənaye qulluqçularına aid edilmirdi. Həmçinin, qanun cüzi müavinət təyin edir və əlilliyə görə sığortanı nəzərdə tutmurdu.

15 aprel 1917-ci ildə Bakı Fəhlə və Əsgər Deputatları Soveti sənaye sahibləri və müəssisələrin müdiriyyəti ilə razılaşma əsasında 6 bənddən ibarət olan "Bakı rayonunda 8 saatlıq iş günü qoyulması haqqında" məlumat yaydı. 12 sentyabr 1917-ci ildə isə RSDF(b)P Bakı təşkilatının konfransında fəhlələr üçün 8 saatlıq iş günü tətbiq edilməsi, əmək haqqının bahalıqla bir səviyyədə tənzimlənməsi, fəhlə sinfinə normal yaşayış təmin edəcək ictimai-hüquqi xarakterli bütün tədbirlərin həyata keçirilməsini nəzərdə tutan 5 bənddən ibarət tapşırıq qəbul edildi.

Rusiyada Oktyabr çevrilişindən sonra Cənubi Qafqazda Rusiya üsul-idarəsinə son qoymaq və regionu idarə etmək məqsədilə 1917-ci il noyabrın 11-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Zaqafqaziya Komissarlığı yaradıldı. Bu hökumətin sədri gürcü menşeviki Yevgeni Gegeçkori idi ki, o, həm də Əmək və Xarici İşlər Nazirliyinə rəhbərlik edirdi. Bu hökumət 6 aydan sonra öz yerini yeni yaradılmış Zaqafqaziya Demokratik Federativ Respublikasına verdi. Cəmi 35 gün mövcud olmuş bu hökumət əvvəlki sələfi kimi öz fəaliyyətini yalnız kağız üzərində rəsmiləşdirə bildi.

Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 22 mart 1918-ci il tarixli qərarı ilə Bakı quberniyasının Əmək Komissarlığı təşkil olundu. Yakov Zevin komissar təyin olundu. Az sonra Bakı Sovetini əvəz edən Bakı Xalq Komissarları Sovetində də Xalq Əmək Komissarı yenə Yakov Zevin oldu. 1918-ci il mayın 28-da RSFSR Xalq Komissarları Soveti neft sənayesinin milliləşdirilməsi haqqında qərar qəbul etdi. Həmin dövrdə Bakı quberniyasına nəzarət edən Bakı Xalq Komissarları Soveti isə Sovet hökumətinin bu qərarına əsasən 1918-ci il iyunun 2-də Bakı neft sənayesinin milliləşdirilməsi haqqında dekret verdi. Bu dekretin ardınca iyunun 5-də Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqında dekret elan edildi. Hər iki dekret sahibkarlar tərəfindən müqavimətlə qarşılandı. Bu zaman Bakıda fabrik və zavodlar dayanmış və bu, işsizlərin sayının artmasına səbəb olmuşdu. Bununla belə, Bakı Xalq Komissarları Soveti fəhlələri öz tərəfinə çəkməyə çalışırdı; bu məqsədlə fəhlələrin sığorta olunması işi yenidən quruldu.

Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920)

1918-ci il mayın 28-də Tiflis şəhərində Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və 9 nəfərdən ibarət ilk müvəqqəti hökumət kabineti təşkil edildi. İlk hökumət kabinetində Əkinçilik və Əmək naziri vəzifəsi Hümmət Partiyasından Milli Şuraya üzv seçilmiş Əkbər ağa Şeyxülislamova həvalə olundu. Cümhuriyyətin fəaliyyəti dövründə Bakı şəhərində Əmək Birjası fəaliyyət göstərirdi. Bakı Əmək Birjası hələ 1918-ci il yanvarın 13-də Bakı Şəhər Dumasında yaradılmışdı.

Həmin il dekabrın 26-da 14 nəfərdən ibarət üçüncü koalisiyon hökumət təşkil edildi. Bu hökumətdə Poçt, Teleqraf və Əmək naziri vəzifəsinə Aslan bəy Səfikürdski təyin olundu. Bu zaman hökumət proqramı ilə çıxış edən baş nazir Fətəli xan Xoyski göstərirdi ki, fəhlə və kəndlilərin tələblərini ödəmək başlıca vəzifələrdən biridir. Parlamentin 21 yanvar 1919-cu il tarixli qərarı ilə Xalq Cümhuriyyəti hökumətində əmək münasibətləri və bununla bağlı digər məsələləri tənzimləmək məqsədilə Əmək Nazirliyi təsis olundu. İcra və nəzarətedici səlahiyyət əldə edən Əmək Nazirliyi 1919-cu il yanvarın 25-də fəhlələrin əməyinin mühafizəsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xüsusi müşavirə keçirdi. Müşavirədə tərəflərin bərabər təmsil olunması şərti ilə, fəhlə və müəssisə sahibləri daxil olmaqla 19 nəfərdən ibarət xüsusi komissiya yaradılması qərara alındı. Əmək Nazirliyi nəzdində məsləhət komissiyalarının yaradılması sosial-iqtisadi sahədə mübahisəli məsələlərin həll edilməsində əhəmiyyətli addım idi. 1919-cu il martın 10-da parlamentin qanunu ilə Əmək Nazirliyi yanında Fəhlə Məsələləri üzrə Xüsusi Məsləhət Komissiyası yaradıldı. Qanuna görə, komissiya zəhmətkeş siniflərin əmək mühafizəsinin, əmək şəraitinin və məişətinin yaxşılaşdırılması, baş verə biləcək mübahisələrin ilkin həlli üçün təsis edilmişdi. Komissiyaya 5-i sahibkar, 5-i fəhlə olmaqla 10 nəfər səlahiyyətli nümayəndə daxil idi.

Azərbaycan parlamenti strateji əhəmiyyət kəsb edən dəmiryol işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün 1919-cu il fevralın 4-də qanun qəbul etdi. Qanuna görə yaradılmış fəhlə komissiyası dəmiryol qulluqçularını 14 kateqoriyaya bölərək maaşların yeni dərəcəsini müəyyən edirdi. 1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq Cümhuriyyəti Hökumətinin 14 nazirdən ibarət dördüncü hökumət kabineti təşkil edildi və Aslan bəy Səfikürdski Ədliyyə və Əmək naziri təyin edildi. Bu zaman inflyasiya ilə əlaqədar olaraq müavinət və əmək haqlarının artırılması hökumətin sosial siyasətinin mühüm istiqamətini təşkil edirdi. Elə bu məqsədlə hökumət qulluqçuları və ibtidai məktəb müəllimlərinin əmək haqqlarının artırılması haqqında qanunlar qəbul etmişdir.

1919-cu il mayın 9-da hökumətin qərarı ilə, tətil edən Bakı fəhlələri ilə danışıqlar aparmaq üçün Əmək Nazirliyinə xüsusi tapşırıq verildi. Neft sənayesi işçiləri üçün Maliyyə Nazirliyi tərəfindən vəsait ayrıldı. Milli hökumət bütün çətinliklərə baxmayaraq fəhlələrin sosial vəziyyətini yüngülləşdirmək üçün tədbirlər görməkdə davam edirdi. 1919-cu il avqustun 5-də Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində əməyin mühafizəsi, əmək haqqı dərəcələrini və əmək mübahisələrini tənzimləmək məqsədilə Əmək Müfəttişliyi təsis olundu. Yeni müfəttişliyin yaradılması ilə əməyin mühafizəsinə nəzarət işi bir idarədə cəmləşdi və onun nəzarət dairəsi respublikanın bütün ərazisini əhatə etdi. Ölkənin 8 bölgəsinin hər birində rayon müfəttişi vardı. Aprel işğalınadək fəaliyyəti dovründə müfəttişlik tərəfindən nazirliyə daxil olan 1537 şikayətdən 922-si fəhlələrin xeyrinə həll edilmiş, 145-nə rədd cavabı verilmiş, 14-ü məhkəməyə göndərilmiş, 456-sı isə həll olunmamış qalmışdır.

1919-cu il dekabrın 22-də təşkil edilmiş sonuncu, 12 nəfərdən ibarət beşinci hökumətdə Əkinçilik və Əmək Nazirliyinə Əhməd bəy Pepinov rəhbərlik etmişdir. Həmin hökumət fəhlə məsələsinə aid proqram hazırlamış və bununla bağlı məlumat yaymışdır. Proqramda uşaq və qadın əməyinin mühafizəsinin təmin edilməsi, müdiriyyətin həmkarların işinə qarışmasının yolverilməz olduğu, fəhlə təşkilatlarına hücumların dayandırılacağı, yığıncaq azadlığı və əməkhaqqının qaldırılması məsələləri nəzərdə tutulmuşdur.

Azərbaycan parlamenti bolşevik çevrilişi ərəfəsində adi iş rejiminə toplaşaraq 1920-ci il aprelin 26-sı və 27-də öz işini davam etdirmiş və gündəlikdə olan məsələləri müzakirə etmişdir. Aprelin 26-da keçirilən 144-cü iclasda orta təhsil məktəbləri yanında fəaliyyət göstərən hazırlıq sinfi müəllimlərinin məvaciblərinin artırılması müzakirəyə çıxarılmışdı. Maliyyə-büdcə komissiyası müəllimlərin maddi vəziyyətinin çətin olmasını nəzərə alıb, onların əməkhaqlarının artırılmasını təklif etmişdir.

Sovet İttifaqının tərkibində 250px|thumb|right|Bakı vağzalına daxil olan bolşevik "III İnternasional" zirehli qatarı (28 aprel 1920-ci il). AXC-nin süqutu, Azərbaycan SSR-in yaradılması ilə nəticələnən bu hadisə ilə əlaqədar Azərbaycan müstəqilliyini bərpa edənədək hər il həmin tarix "Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi" adı altında qeyri-iş günü hesab edilən bayram günü kimi qeyd edilmişdir.