Qafarova Zemfira Həsən qızı (d. 1942) — Azərbaycan musiqi elminin görkəmli nümayəndəsi. Əməkdar incəsənət xadimi, Musiqişünas, pedaqoq, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2016-cı ildən). Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru.

Həyatı 22 noyabr 1942-ci ildə Bakı şəhərində xalq rəssamları Həsən Haqverdiyevin və Güllü Mustafayevanın qızı olaraq doğulmuşdur.

Zemfira xanım Qafarova 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib, həmin ildə Azərbaycan Dövlət Konservatoriyasında tarix-nəzəriyyə şöbəsinə daxil olur.1966-cı ildə əla qiymətlərlə musiqişünas diplomuna layiq görülür. 30 ildən artıqdır ki, Zemfira Qafarova Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasının aparıcı müəllimi, professorudur. O, 10 il müddətində (1981–1991) tarix-nəzəriyyə fakültəsinin dekanı vəzifəsində çalışıb. Bu vəzifədə çalışdığı illərdə tələbələrə göstərdiyi qayğı indi də o dövrün məzunlarının yadındadır. Onun adı Azərbaycan musiqi elminin görkəmli nümayəndələri arasında çəkilir.

O, 1984-cü ildə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edərək sənətşünaslıq namizədi dərəcəsinə layiq görülür, pedaqoji fəaliyyətlə yanaşı elmi fəaliyyətini də genişləndirir. Musiqişünas Zemfira Qafarovanın istedadlı qələmi bir sıra bəstəkarlarımızın həyat yaradıcılıqlarını, əsərlərinin üslub xüsusiyyətlərini işıqlandırmışdır. Onun Ramiz Mustafayevə, Tofiq Bakıxanova, Hacı Xanməmmədova, Şəfiqə Axundovaya həsr etdiyi monoqrafiyaları, Ü. Hacıbəyovun "Koroğlu" operası üzrə tədqiqat işi və sonradan onun əsasında hazırlanan "Koroğlu" dərs vəsaiti, bir sıra məruzə çıxışları və məqalələri peşəkar musiqiçilərin və musiqisevərlərin nəzər diqqətində olub Azərbaycan milli musiqisinin təbliğinə qulluq edir.

Ü. Hacıbəyovun yaradıcılığını tədqiq etmiş, bu mövzuda bir sıra məqalələr — "Koroğlu"nun avtoqrafı" (1972), "Ü. Hacıbəyovun opera estetikası" (1975), "Ü. Hacıbəyovun "Koroğlu" operasının uvertürası" (1973) və s. yazmışdır. "Ü. Hacıbəyovun "Koroğlu" operası" (1994) monoqrafiyasının müəllifidir.

19 sentyabr 2016-cı ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Ailəsi Rəssam Həsən Haqverdiyevin qızıdır. Əli Haqverdiyevin bacısı, Hüseyn Haqverdiyevin, Ucal Haqverdiyevin atabir və orqan ifaçısı Rəna İsmayılovanın anabir ögey bacısıdır.

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar