– Yaponiya diplomatı və siyasətçisi. 1937-ci ildə Yaponiyanın Xarici İşlər Naziri vəzifəsini yerinə yetirmişdir.

Karyerası 1882-ci ildə Yaponiyanın Osaka şəhərində doğulmuş, Tokio Ali Kommersiya Məktəbindən məzun olmuşdur. 1905-ci ildə Xarici İşlər Nazirliyinə daxil olmuşdur. Rusiya, Mancuriya, İsveçrə və Fransada konsul vəzifələri tutduqdan sonra 1923-cü ildə Polşaya göndərilmişdir. Yaponiyanı bir neçə beynəlxalq konfransda, eləcə də, Millətlər Liqası tərəfindən 1932-ci ildə keçirilmiş silahsızlaşdırma konfransında təmsil etmiş, daha sonra Belçika və Fransaya səfir kimi göndərilmişdir.

1937-ci ildə Sencuro Hayaşinin kabinetində xarici işlər naziri vəzifəsi tutmuşdur. Sato bu vəzifəyə təyin olunanda müharibəyə qarşı olmağı, Çinə bərabər davranmağı, SSRİ ilə hərbi qarşı-durmadan yayınmağı və Böyük Britaniyaya yaxınlaşmağı hədəfləmişdi. Lakin Hayaşi kabineti 4 ay sonra fəaliyyətini dayandırmış, yeni xarici işlər naziri Koki Hirota aqressiv siyasət yürütməyə başlamışdır.

1942-ci ildə Sato SSRİ-yə səfir təyin olunmuşdur. Yaponiyanın İkinci dünya müharibəsindəki vəziyyəti pisləşəndən sonra xarici işlər naziri Şiqenori Toqonun göstərişi ilə SSRİ-ni vasitəçi qismində Müttəfiqlərlə müzakirə aparmaq üçün razı salmağa çalışmışdır. O, şəxsən Tokioya teleqram göndərərək Potsdam bəyannaməsində qeyd olunduğu kimi hökuməti təslim olmaq barədə xəbərdarlıq etmişdir.

Müharibədən sonra keçirilmiş ilk parlament seçkilərində (1947) Müşavirlər palatasına seçilmişdir. 1954-58-ci illərdə palatanın sədri olmuş, 1965-ci ildə siyasəti buraxmışdır. 1963-cü ildə "Keçən 80 ili xatırlamaq" adlı memuarı nəşr olunmuşdur.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiyanın xarici işlər nazirləri Kateqoriya:Yaponiyanın SSRİ-dəki səfirləri Kateqoriya:Hitotsubaşi Universitetinin məzunları Kateqoriya:Fransadakı Yaponiya qürbətçiləri Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri