Mirzə Abbas Abbaszadə (tam adı:Mirzə Abbas Kərbəlayı Ələkbər oğlu Abbaszadə; ) — maarif xadimi, pedaqoq, folklorşünas.

Həyatı Mirzə Abbas Kərbəlayı Ələkbər oğlu Abbaszadə 1870-ci il mart ayının 12-də Gəncədə Ozan məhəlləsində mütərəqqi fikirli ruhani, məktəbdar ailəsində anadan olmuşdur. İlk təhsilini atasının xüsusi məktəbində almış, sonra Şah Abbas məscidi yanındakı məktəbdə davam etdirmişdir. 1885-ci ildə ibtidai təhsilini başa vurub, 1892-ci ilədək Gəncə mədrəsəsində oxumuşdur. Burada məşhur müdərrislər Mirzə Xəlil Şeyxzamanov və Molla Hüseyn Pişnamazzadədən dərs almış, ərəb, fars və türk dillərinə dərindən yiyələnmişdir. Nizami, Füzuli, Sədi, Hafiz kimi sənətkarların əsərlərini mütailə etmiş, Şərq ədəbiyyatına, İslam mədəniyyətinə yaxından bələd olmuşdur.

Fəaliyyəti

Pedaqoji fəaliyyəti Bir il atasının açdığı məktəbdə müəllimlik edən Mirzə Abbas 1893-cü ildə səyahətə çıxaraq İranı, İraqı və Türkiyəni gəzmişdir.

M. A. Abbaszadə 1894-cü ildə Gəncə şəhər məktəbində işə düzələrək ana dili və şəriət fənlərini tədris etməyə başlamışdır. M. A. Abbaszadə nizamnaməyə əsasən Tiflis gimnaziyasında yoxlamadan keçdikdən sonra şəhər məktəbində müəllimliyə qəbul olunmuşdur. Tiflisdə olarkən o, ilk dəfə Firudin bəy Köçərli və Aleksey Osipoviç Çernyayevski ilə görüşüb, onlardan xeyir-dua almışdır. Qısa söhbətdən sonra A. O. Çernyayevski nəşrinə icazə almağa çalışdığı "Fikir" qəzetinə Gəncədən müxbirlik etməyi ona təklif etmiş və razılığını almışdır. Gəncə şəhər məktəbində yerli əhalinin arzusu ilə yaşlılar üçün bazar günü və axşam kursları da fəaliyyət göstərirdi. Həmin kurslarda 14 yaşdan 45 yaşa qədər şəhər sakinlərinə savad təlimini də M. A. Abbaszadə keçir, əlifbanı pulsuz olaraq öyrədirdi. Şəhər məktəbində işləməsi M. A. Abbaszadənin rus dilini mükəmməl öyrənməsinə əlverişli imkan yaratmışdı. O, hətta 1896-cı ildə Zaqafqaziyada yeganə müəllimlər institutu olan Tiflis Aleksandrovski Müəllimlər İnstitutunda açılmış müsəlmanlar üçün qısa müddətli kursda olmuşdur.

1896-cı ilin yayında alovlu publisist və pedaqoq Ömər Faiq Nemanzadənin Gəncəyə gəlməsi, bir az burada müəllim işləməsi, yerli müəllimlərlə, o cümlədən M. A. Abbaszadə ilə tez-tez görüşüb söhbət etməsi şəhərin mədəni həyatında bir canlanma yaratmaqla M. A. Abbaszadənin ictimai-siyasi baxışlarına çox böyük müsbət təsir göstərmişdir. Ömər Faiqin "dilimizə soxulan ərəb və fars sözlərinin gərəksizliyindən, əlifbanın yaramazlığından", maarifin, xalqın savadlanmasının azadlıq yolunda əsas şərtlərdən biri olmasından açdığı söz-söhbətlər M. A. Abbaszadəni bütün pedaqoji fəaliyyəti dövründə rahat buraxmamışdır. Onu şəhər məktəbində təkcə əlifba və şəriət dərslərini demək, tədris proqramını yeniləmək, nümunəvi pedaqoji prinsiplərdən istifadə etmək yox, həm də ana dilinin təmizliyi, ərəb qrafikalı Azərbaycan əlifbasının (əski əlifbanın) sadələşdirilməsi, yeni dərsliklərin yaradılması, uşaqların ana dilində təhsil alması, dini fanatizmlə mübarizə və Azərbaycan qadınlarının da məktəbə cəlb edilməsi kimi ictimai mətləblər düşündürməyə başlamışdır.

1898-ci il aprelin 23-də Gəncənin Bağmanlar yaşayış sahəsində əhalinin topladığı vəsait hesabına ilk rus-tatar (Azərbaycan) məktəbi açılmışdır.H. Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 230–234.. M. A. Abbaszadə şəhər məktəbindən bu yeni tipli məktəbə köçürülərək Azərbaycan dili və şəriət müəllimi təyin edilmişdir. Məktəbdə rus və Azərbaycan dilləri qarşılıqlı sürətdə öyrədilirdi. Hər iki dil A. O. Çernyayevskinin "Vətən dili" dərslikləri əsasında sövtü-üsulla (səs üsulu ilə) tədris olunurdu. Bu zaman Rəşid bəy Əfəndiyevin "Uşaq bağçası" (1898) adlı əlifba kitabı İstanbulda nəşr edilərək daha çox Gəncə quberniyasında yayılmağa başlamışdır. Dərslik öz quruluşu və tərtibatı ilə A. O. Çernyayevskinin "Vətən dili"ndən fərqlənirdi. "Vətən dili" vasitəsilə ərəb əlifbasını şagirdə 6 aydan az vaxtda öyrətmək mümkün olmadığı halda "Uşaq bağçası" kitabı ilə bu əlifbanı bir ay müddətində öyrətmək, şagirdlərə yazı vərdişləri aşılamaq mümkün idi. R. Əfəndiyev "Vətən dili"ndəki nöqsanları aradan qaldırmaq, əlifba təlimi dövrünü azaltmaq məqsədilə ərəb məxrəci ilə ifadə olunan, tələffüzcə bir-birinə yaxın 8 ərəb hərfini atmış və 32 hərfdən 24-nü saxlamışdır. Beləliklə, hər bir hərfin öyrənilməsi üçün bir dərs tərtib etmişdir ki, bu da əlifbanı, oxuyub yazmağı bir ayda öyrətməyə imkan yaratmışdı. Şagirdin işini xeyli yüngülləşdirən bu islahatı M. A. Abbaszadə böyük maraqla qarşılamışdır. Ərəb əlifbasının sadələşdirilməsinə tərəfdar çıxaraq bu əlifbanın Azərbaycan dilinin fonetik tələblərinə (tələffüz və orfoqrafiya qaydalarına) uyğunlaşdırılmasına xüsusi metodik əhəmiyyət vermişdir. Bundan sonra o da əlifbada orijinal islahatlar aparmaq, yeni pedaqoji-metodik prinsiplər əsasında əlifba dərsliyi yaratmaq qərarına gəlmişdir.

O, rus-Azərbaycan məktəbində işləməyə başlayarkən əlifbada apardığı islahatlar əsasında "Birinci il Əlifba" dərsliyi tərtib edib əlyazma şəklində 1900-cü ildə Gəncədə çap etdirmişdir. Bu kitabdan xəbər tutan cahil mollalar məktəblərə girib hay-küy salmış, onu müəllimlərin, şagirdlərin əllərindən alaraq cırıb atmışlar. Hətta Gəncə qubernatoruna donoslar göndərmiş, M. A. Abbaszadəni şübhəli adam kimi qələmə vermişlər. Bundan sonra "Birinci il. Əlifba" dərsliyindən müəllimlər gizli surətdə istifadə edərək uşaqlara ana dilinin əlifbasını öyrədirdilər. Müəllif isə təqib olunmağa başlamışdır. Təqiblər və hədə-qorxular 1907-ci ilədək davam etmişdir. Lakin M. A. Abbaszadə bu müddətdə yalnız rus-Azərbaycan məktəbində ana dilini və şəriəti tədris etməklə kifayətlənməmiş, hava, su kimi lazım olan dərs kitabları da hazırlamaqla məşğul olmuşdur. 1901-ci ildə onun çalışdığı məktəbdə qız şöbəsi təşkil edilmişdir. Savadlı qadın müəllimi olmadığından orada da ana dili və şəriət fənlərini tədris etmək M. A. Abbaszadəyə tapşırılmışdır. O, həm oğlan, həm də qız şagirdlərinin dərsliyə ehtiyacını nəzərə alaraq "Birinci şöbə üçün şəriət dərsi" və "İkinci şöbə üçün şəriət dərsi" adlı iki kitab hazırlayıb 1901-ci ildə Gəncədə nəşr etdirmişdir.

1905–1907-ci illər birinci rus inqilabı Gəncədə yeni həyat, maarif və məktəb uğrunda mübarizəyə təkan vermişdir. Sənət məktəbi, kişi və qadın gimnaziyaları şagirdlərinin inqilabi nümayişə çıxmaları, erməni təcavüzünə qarşı "Difai" milli-müdafiə təşkilatının yaradılması, yeni nəşrə başlayan "Həyat", "İrşad", "Fyüzat", "Molla Nəsrəddin" və digər qəzet və jurnalların Gəncəyə gəlib çıxması, Rusiyanın müxtəlif ali məktəblərini bitirib doğma yurda qayıdan gənclərin inqilabi ideyalar təbliğ etməsi, xeyriyyə cəmiyyətlərinin fəaliyyətə başlaması, Gəncə bələdiyyəsinə daha çox azərbaycanlıların seçilməsi ictimai-siyasi və milli şüurun oyanmasına ciddi təsir göstərirdi.

O, daha çox Tiflisdə nəşr edilən "Molla Nəsrəddin" jurnalını oxuyur, orada dərc olunan yazılarda və şəkillərdə məsxərəyə qoyulan, ifşa edilən xalq düşmənləri ilə-bəylər, xanlar, qoçular, tacirlər, din xadimləri və fırıldaqçılarla tanış olur, onları məktəbdə, ictimaiyyət arasında başqalarına da tanıdırdı. Belə düşmənlərin Gəncədə də olması və onların törətdiyi əməllər barədə özü də jurnala məktublar yazır, yaxud Tiflisə gedərək köhnə dostu Ömər Faiqlə görüşüb məktubları şəxsən ona təqdim edirdi. M. A. Abbaszadə bu məktublara "Mollazadə", "A. Mollazadə" kimi gizli imzalar qoyurdu. Bu imzalarla o, istifadə edərək 1907-ci ildə iki kitab da çap etdirmişdir. "Molla Nəsrəddin"in təsiri altında ərəb dilindən tərcümə etdiyi lətifələr "Lətaif" adı altında Ömər Faiqin "Qeyrət" mətbəəsində Tiflisdə nəşr olunmuşdur. İkincisi bütün məktəblərdə ikinci sinifdə şagirdlərə oxutdurmaq üçün tərtib etdiyi "Türk dili və yaxud türkcə qiraət" adlı dərs vəsaiti isə Gəncədə Əsgər, Hacı Həsənzadə qardaşlarının mətbəəsində nəşr edilmişdir.

M. A. Abbaszadənin "Molla Nəsrəddin" jurnalı, Cəmil Məmmədquluzadə və Ömər Faiqlə yaxınlığı onu geniş və zəngin pedaqoji-metodiki və ictimai fəaliyyətə istiqamətləndirmişdir. 1906-cı ildə o, Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin təşkil edilməsində yaxından iştirak edir və onun üzvlərindən biri olur. Bakıda fəaliyyət göstərən "Nicat" və "Nəşri-maarif" cəmiyyətlərinin Gəncədə yaranan şöbələrinin işində də köməyini əsirgəmir. M. A. Abbaszadə maarifi, savadı yaymaq, uşaqlara ibtidai, orta və ali təhsil vermək, ana dili və ədəbiyyatın inkişafına kömək etmək, yeni məktəblər açmaq, müvafiq kitablar çap etdirmək, kitabxana-qiraətxanalar açmaq, müəllim kadrları hazırlamaq kimi məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə başlayır.

1906-cı il avqustun 15-də Bakıda açılan Azərbaycan müəllimlərinin birinci qurultayına Gəncədən gedən nümayəndələr arasında Bağmanlar rus-Azərbaycan məktəbinin ana dili və şəriət müəllimi Mirzə Abbas Abbaszadə də var idi. Bakıdan qayıtdıqdan sonra o, qurultayın qarşıya qoyduğu əlifbanın islahı, imla, proqram və dərsliklər tərtibi, yeni mütərəqqi tədris üsulları axtarmaq, tədrisin ana dilində aparılması, qadınların təhsilə cəlb edilməsi və.s vəzifələrin yerinə yetirilməsi sahəsində nümunə göstərir. İkinci qurultayın Gəncədə keçirilməsi haqqında qərardan ruhlanan M. A. Abbaszadə həm də bu istiqamətdə aparılan hazırlıq işlərində böyük həvəslə iştirak edir. Onun pedaqoji-metodiki və ictimai fəaliyyətinin ən cəsarətli, ən məhsuldar dövrü bundan sonra başlayır.

1907–1908-ci illərdə rus-Azərbaycan məktəbinin müəllimi kimi M. A. Abbaszadə 7 kitab nəşr etdirmişdir. 1900 və 1901-ci ildə ilk dəfə çap olunmuş, qaragüruhla qarşılanmış "Birinci kitab. Əlifba", "İkinci kitab. Qiraət" və şəriət dərslikləri ikinci dəfə çapdan çıxmışdır. Eyni zamanda "Türk dili. Qiraət" və "Lətaif" adlı dərs vəsaitləri, bir də "Məşq məcmuəsi" metodik göstərişi nəşr olunmuşdur.

"Məşq məcmuəsi" müəllifin "Birinci kitab. Əlifba" dərsliyindən istifadə edərək səs üsulu ilə Azərbaycan əlifbasını öyrədən müəllimlər üçün metodik göstərişlərdən ibarət bir əsərdir. Müəllim yalnız bu göstərişlər və təlim üsulu əsasında, M. A. Abbaszadənin ifadəsi ilə desək, əvvəlcə məşq etməli idi ki, sadələşdirilmiş əlifbanı uşaqlara düzgün öyrədə bilsin.

M. A. Abbaszadə ərəb qrafikalı əski Azərbaycan əlifbasını dəyişdirməyin yox, sadələşdirməyin tərəfdarı idi. Lakin bu məqsədini həyata keçirərkən Rəşid bəy Əfəndiyevi təkrar etməmiş, əksinə, onun "Uşaq bağçası" kitabından fərqlənən orijinal əlifba dərsliyi yaratmışdır.

Məlumdur ki, ərəb dilinə nisbətən Azərbaycan dilində saitlər çoxdur. Amma bunların bir neçəsi ərəb qrafikasında öz əksini tapmamışdır. Bu da istər-istəməz oxuyanda və yazanda çətinliklər törədirdi. M. A. Abbaszadə məhz bu çətinliyi aradan qaldırmaq üçün islahat apararaq Azərbaycan dilinə məxsus saitləri öz düşüncəsinin məhsulu olan konkret işarələrlə əlifbaya daxil etmişdir.

Dərsliyin "Birinci kitab" adlanan birinci hissəsi hərflərin öyrədilməsi ilə başlayır. Hər bir hərfə aid çəkilmiş şəkillər, sözlərin seçimi uşaqların dərsi asanlıqla qavramasına, yaddaşında saxlamasına və maraq dairəsinin genişlənməsinə imkan yaradır.

Öz dövrü üçün böyük əhəmiyyət kəsb edən bu dərslikdə Mirzə Abbas Abbaszadə bir qayda olaraq sadədən mürəkkəbə tələbini gözləmişdir. Hərflər, hecalar, sözlər və cümlələrin düzülüşü, ardıcıllığı, kiçik həcmli mətnlərin əsas məqsədə xidmət etməsi, asan dildə və oxunaqlı olması, hikmətamizliyi kitabın pedaqoji baxımdan dəyərini artırmaqla bərabər, həm də müəllifin pedaqoji məharətindən və ustalığından xəbər verir.