Telman Məmməd oğlu Kazımov () — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri naziri (1982–1988), Azərbaycan SSR Baş Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi (1976–1982), Azərbaycan SSR əməkdar inşaatçısı.

Həyatı Telman Məmməd oğlu Kazımov 9 fevral 1937-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə buradakı 4 nömrəli orta məktəbi bitirmiş, 1955–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində "İstilik-qaz təchizatı və ventilyasiyası" ixtisası üzrə təhsil almışdır. İnstitutda kafedra assistenti olmuşdur.

Əmək fəaliyyətinə SSRİ Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin Rostov şəhərindəki "Qavsantexquraşdırma" trestinin Bakı Quraşdırma İdarəsində usta vəzifəsində başlayan Telman Kazımov 1962–1966-cı illərdə Bakı Quraşdırma İdarəsində istehsalat şöbəsinin müdiri olmuş, Abşeron Mexanikləşdirilmiş Səyyar Dəstəsində rəis işləmişdir. 1966–1972-ci illərdə isə Bakı "Santexquraşdırma" idarəsinin rəisi vəzifəsində çalışmışdır.

Telman Kazımov 1972–1976-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini, 1976–1982-ci illərdə isə idarənin rəisi olmuşdur. 1982-ci ildə bu idarənin bazasında Azərbaycan SSR Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyi yaradılmış və o, nazir vəzifəsinə təyin edilmişdir. 1988-ci ildə nazirlik ləğv edildikdən sonra Telman Kazımov SSRİ Quraşdırma və "Azərquraşdırmaxüsusitikinti" ərazi tikinti-quraşdırma birliyinin rəisi və "Azərquraşdırmaxüsusitikinti" istehsalat tikinti-quraşdırma birliyinin rəisi olmuşdur. 1991-ci ildən "AzQUR" Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur.

Telman Kazımov Azərbaycan 1963-cü ildən Sov.İKP üzvü olmuş, Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin 9 və 10-cu çağırış deputatı olmuşdur. "Qırmızı əmək bayrağı" və "Xalqlar dostluğu" ordenləri və "Rəşadətli əməyə görə" medalı ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adına layiq görülmüşdür. O, 1997-ci ildən Beynəlxalq Mühəndislər Akademiyasının müxbir üzvü olmuşdur.

Telman Kazımov 2016-cı ildə vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax Qurban Sultanov Dadaş Asanov Şair Həsənov

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri