Stefano Pioli (İtalyanca səslənmə: [ˈsteːfano ˈpjɔːli]; ) — İtalyalı futbol məşqçisi və müdafiəçi kimi çıxış etmiş keçmiş futbolçu. Hal-hazırda "Əl-Nəsr" klubunun baş məşqçisidir.
Oyunçu karyerası Əslən Parmadan olan Pioli, öz futbolçu karyerasına doğma şəhərinin komandası olan "Parma" klubunda başlayıb. "Parma"nın heyətində 2 il çıxış etdikdən sonra, 1984-cü ildə "Yuventus" klubuna keçir. "Yuventus" klubunun formasını 3 il geyinən Pioli, klubla A Seriyası çempionluğunu, UEFA Çempionlar Kubokunu, Avropa Super Kubokunu və Qitələrarası Kubokunu qazanır.
1987-ci ildə "Hellas Verona" klubuna transfer olunur.
Pioli 1989-cu ildə "Fiorentina" klubuna keçir. Florensiya klubunda 6 il oynayır.
Daha sonra "Padova", "Pistoiese" və "Fiorentsuola" kimi klublarda karyerasını karyerasını davam etdirən Pioli, 1999-cu ildə "Kolorno" komandasında futbolçu karyerasını bitirir.
Məşqçilik karyerası 1999–2002-ci illərdə Pioli "Bolonya" klubunun, 2002–03-cü illərdə isə "Kyevo"nun aşağı yaş komandalarını çalışdırıb. 2003–04-cü illərdə o, B Seriyasında yarışan "Salernitana" klubunun baş məşqçisi təyin edilir. Burada bir mövsüm çalışdıqdan sonra, 2004-cü ildə B Seriyasında yarışan digər kluba, "Modena"ya baş məşqçi təyin edilir.
2006-cı ildə Pioli doğma şəhərindən dəvət alır və "Parma"nın baş məşqçisi təyin edilir. Bu həm də Piolinin İtaliya A Seriyasında məşqçi kimi debütu olur. Lakin o, 2007-ci il fevralın 12-də "Roma" klubuna 3–0 hesablı məğlubiyyətdən sonra istefaya göndərilir. Piolini Kladuo Ranyeri əvəzləyir.
"Parma"dan sonra Piolinin növbəti klubu B Seriyasında yarışan "Qrosseto" klubu olur. O, 11 sentyabr 2007-ci ildə ilk üç liqa matçında ardıcıl üç məğlubiyyətdən sonra istefaya göndərilən Corcio Rosellini əvəz edir.
Daha sonra o, 2008–09 mövsümundə "Pyaçentsa" klubunun baş məşqçisi olur.
2009-cu ilin iyul ayında o, "Sassuolo" klubuna qoşulmaq üçün "Pyaçentsa"dan ayrılır.
Kyevo 10 iyun 2010-cu ildə Pioli 12 aylıq müqavilə əsasında A Seriyası klubu "Kyevo"nun baş məşqçisi təyin edilir.
Palermo 2 iyun 2011-ci ildə Pioli "Palermo" klubunun baş məşqçisi təyin edilir, lakin o, cəmi 90 gün sonra vəzifəsindən azad edilir.
Bolonya 4 oktyabr 2011-ci ildə Pioli istefaya göndərilən Pierpaolo Bisolinin yerinə "Bolonya"nın yeni baş məşqçisi təyin edilir.
"Bolonya" ilə iki çətin mövsüm keçirərək klubun B Seriyasına düşməsinə imkan vermir. Ancaq, 8 yanvar 2014-cü ildə "Bolonya" rəhbərliyi onu istefaya göndərərək yerinə Davide Ballardinini təyin edir.
Latsio 12 iyun 2014-cü ildə Pioli Edoardo Rejanın yerinə "Latsio" klubunun yeni baş məşqçisi təyin edilir.
Klubdakı ilk mövsümündə "Latsio" A Seriyasında 3-cü yeri tutur.
11 iyun 2015-ci ildə "Latsio" onunla 2 illik yeni müqavilə imzalayır.
3 aprel 2016-cı ildə Pioli "Roma" klubuna evdə 4–1 hesablı məğlubiyyətdən sonra istefaya göndərilir.
İnter 8 noyabr 2016-cı ildə Pioli "İnter" ilə 18 aylıq müqavilə imzalayır. Lakin mövsüm bitməmiş, 9 may 2017-ci ildə "İnter"dən istefaya göndərilir. "İnter", Piolinin rəhbərlik etdiyi ilk 16 A Seriyası matçının 12-də qələbə qazanır ("Milan" ilə heç-heçə, "Napoli", "Yuventus" və "Roma" ilə oyunlarda məğlubiyyət).
Fiorentina 6 iyun 2017-ci ildə Pioli "Fiorentina" klubunun baş məşqçisi təyin edilir.
4 mart 2018-ci ildə klubun mərkəz müdafiəçisi və kapitanı Davide Astori gözlənilmədən vəfat edəndə, oyunçunun xatirəsini yad etmək üçün Pioli xatirə döyməsi etdirir.
9 aprel 2019-cu ildə Pioli "Fiorentina" klubundan istefa verir.
Milan 9 oktyabr 2019-cu ildə Pioli mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə ilə "Milan" klubunun baş məşqçisi təyin edilir .
21 iyul 2020-ci ildə Pioli "Milan" klubu müqaviləsini iki il uzadır.
23 may 2021-ci ildə onun məşqçiliyi altında, yeddi mövsümdən sonra ilk dəfə "Milan" klubu Çempionlar Liqasında iştirak hüququ əldə edir.
16 noyabr 2021 tarixində "Milan"ın Pioli ilə müqaviləsini artıraraq 2+1 illik sözləşmə imzalayacağı və Piolinin maaşı illik 3,5 milyon avro və əlavə olaraq bonuslar olacağı ilə bağlı xəbərlər peyda olur.
2022-ci ildə, "Milan" klubuna İtaliya A Seriyasının çempionluğunu qazandırır.
Əl-Nəsr "Əl Nəsr" klubu əvvəlki baş məşqçi Luiş Kaştrunu qovduqdan sonra 18 sentyabr 2024-cü ildə Pioli ilə komandaya məşqçilik etməsi üçün müqavilə imzalayıb.
Fiorentina 2025-ci ilin iyul ayında Pioli "Fiorentina" klubunun baş məşqçisi təyin edilir.
04 noyabr 2025-ci ildə Pioli "Fiorentina" klubundan istefa verir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1965-ci ildə doğulanlar Kateqoriya:Futbol müdafiəçiləri Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Ellas Verona FK futbolçuları Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:Parma FK futbolçuları Kateqoriya:Milan FK məşqçiləri Kateqoriya:Padova FK futbolçuları Kateqoriya:Pistoyeze FK futbolçuları Kateqoriya:Fiorensuola FK futbolçuları Kateqoriya:İtaliya C Seriyası futbolçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Salernitana FK məşqçiləri Kateqoriya:Modena FK məşqçiləri Kateqoriya:Parma FK məşqçiləri Kateqoriya:Qrosseto FK məşqçiləri Kateqoriya:Pyaçentsa FK məşqçiləri Kateqoriya:Sassuolo FK məşqçiləri Kateqoriya:Kyevo FK məşqçiləri Kateqoriya:Palermo FK məşqçiləri Kateqoriya:Bolonya FK məşqçiləri Kateqoriya:Latsio FK məşqçiləri Kateqoriya:İnter Milan FK məşqçiləri Kateqoriya:Fiorentina FK məşqçiləri Kateqoriya:İtaliya B Seriyası məşqçiləri Kateqoriya:İtaliya A Seriyası məşqçiləri Kateqoriya:Fiorentina FK futbolçuları Kateqoriya:İtaliya şəxsləri