Böyük Məmməd oğlu Ağayev () — Azərbaycan həkimi və dövlət xadimi, Azərbaycan SSR səhiyyə naziri (1958–1963), Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru (1963–1965).
Həyatı Böyük Məmməd oğlu Ağayev 1907-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 14 yaşında olarkən Şuşa Müəllimlər Seminariyasına daxil olmuş və beş ildən sonra Şamaxı qəzasının kənd məktəblərindən birində müəllimliyə başlamışdır. Sonralar o, Şirvan dairə xalq maarif şöbəsinin müfəttişi, Qutqaşen rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində işləmişdir. Elə həmin illərdə qiyabi şəkildə ali pedaqoji təhsil alaraq 1935-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu, 1942-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutununun Müalicə-profilaktika fakültəsini bitirmişdir.
Təhsilini bitirdikdən sonra Böyük Ağayev Göyçay sanatoriya-epidemioloji stansiyasında həkim-malyarioloq vəzifəsində işləmiş, Kürdəmirdə tropik stansiyanın müdiri olmuşdur. 1948–1953-cü illərdə Azərbaycan SSR Dövlət Nəzarəti Nazirliyinin baş nəzarətçisi, 1953-cü ilin aprel ayından Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1958-ci ilin yanvar ayından isə Azərbaycan SSR səhiyyə naziri vəzifələrində işləmişdir. 1963-cü ilin may ayından həyatının sonunadək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru olmuşdur.
1942-ci ildən ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilən Böyük Ağayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur. O, 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin, eləcə də Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin deputatı seçilmişdir. "Lenin" ordeni (1961) və SSRİ medalları ilə təltif edilmişdir.
Böyük Ağayev 1965-ci ildə Bakıda vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax Bala Ağayev (qardaşı)
Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları Kateqoriya:Azərbaycan Tibb Universitetinin məzunları Kateqoriya:Azərbaycan SSR səhiyyə nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektorları