Ceyms Fenimor Kuper (; 15 sentyabr 1789 - 14 sentyabr 1851) — məşhur Amerika yazıçısı. Amerika romantizminin ilk görkəmli nümayəndələrindən biri olan Ceyms təkcə öz vətənində deyil, eləcə də dünyanın bir çox ölkələrində yaxşı tanınır. Macəra romanlarının və ovçu Natti (Nataniel) Bamponun sərgüzəştləri haqqında çoxsaylı əsərlərin müəllifidir. Həmin seriyadan olan "Sonuncu mogikan" əsəri onun yaradıcılığının zirvəsi hesab olunur.

Kuperədək Amerika...

...İstiqlaliyyət uğrunda gedən müharibədə xalq kütlələri böyük qəhrəmanlıq göstərmiş, onların sayəsində qazanılan qələbədən isə iri torpaq və sənaye sahibləri öz mənafeləri üçün istifadə etmişdilər. Amerika burjua inqilabı torpaq və quldurluq məsələlərini heç də mübarizəyə qoşulanların arzuladıqları kimi həll edə bilməmişdi. Azadlıq, bərabərlik və torpaq gözləyən sadə amerikalılar aldadılmışdılar.

Amerika romantizmini yaradan səbəblərdən biri bu idi. Doğrudan da, Vaşinqton İrvinq və Fenimor Kuper kimi ilk romantiklərin əsərlərində kapitalist qayda-qanunlarının insafsızlığı və qəddarlığı, iri sənaye sahiblərinin, maliyyəçilərin, plantasiyaçıların xalqı soymağa can atmalarından narazı qalanların əfval-ruhiyyəsi əks olunurdu. Kuperin maarifçilik ideyaları ilə silahlanan romanlarının qəhrəmanları, təsadüfi deyil ki, "mədəni mərkəzlər"-dən uzaqlaşıb romantik aləmlərdə - Amerikanın Qərb sərhədlərində, Avropadan gələnlərin yerləşdiyi ərazilərlə hindi qəbilələrinə məxsus torpaqlarda məskən salır, gəlmələrlə yerliləri barışdırmağa, vahid Amerika yaratmağa çalışırdılar...

Həyatı

Ceyms Fenimor Kuper 1789-cu il sentyabrın 15-də Amerikanın Nyu-Cersi ştatının Berlinqton şəhərində, varlı ailədə anadan olmuşdur. Onun atası Uilyam Kuper iri torpaq sahibkarı olsa da, uzun müddət məhkəmədə hakim vəzifəsində çalışmış, ədəbiyyata, sənətə yüksək qiymət vermişdir. Ona görə də yaşadığı şəhər (Kuperstaun) sonralar onun adını daşımışdır. O, yazıçı və şairləri tez-tez evinə dəvət edirmiş. Qonaqların ədəbiyyata dair söhbətləri hələ uşaqlıqdan Ceymsin qəlbində yazıçılığa maraq oyadır.

Ceyms ilk təhsilini "Akdemiya" adlanan kütləvi kənd məktəbində almışdır. Təhsilini davam etdirmək üçün valideynləri onu Nyu-York ştatının mərkəzi olan Olbani şəhərinə göndərirlər. Burada o, latın dilini öyrənir, antik Roma şairi Vergilinin şerlərini əzbərləyir və çoxlu mütaliə edirdi. Ceyms Amerika və İngilis yazıçılarının romanlarını oxuyur, dram əsərləri və şerlərlə maraqlanır. O, hətta iqtisadiyyata, fəlsəfəyə, kənd təsərüffatına və din tarixinə aid elmi əsərləri də öyrənir. 1803-cü ildə Ceyms Yel kollecinə daxil olmuşdur. Başqa tələbə yoldaşlarından yaşca xeyli kiçik olmasına baxmayaraq, o öz biliyinə görə onlardan xeyli üstün idi. O, burada darıxır, tez-tez kollecin daxili qaydalarını pozur və şıltaqlıq edirdi. Elə buna görə də onu məktəbsən çıxarırlar. Atası bir müddət oğluna evdə təhsil verir, ancaq o, oxumağa elə də meyil göstərmirdi. Oğlunun özünü bu sayaq aparması atasını narahat edir və onu adi dənizçi kimi Avropaya gedən bir ticarət gəmisinə verir. Bu gəmidə bir il xidmət edən Ceymsin "ağlı başına gəlir", nizam-intizamlı olur və ağır dənizçilik sənətində səriştə qazanır. Sonra o, bit müddət hərbi gəmilərdə xidmət edir. Ona bir müddət sahildə qalıb gözətçi gəmisi üçün matros toplamaq tapşırılır. Elə bu vaxt - 1810-cu ildə Ceyms on səkkiz yaşlı gözəl Süzan Delansi ilə tanış olur və onlar 1811-ci ildə evlənirlər.

Atasından kifayət qədər miras qaldığından C.F.Kuper dənizçilik peşəsindən imtina edir və bundan sonrakı dövrdə kənddə yaşayaraq təsərüffatla məşğul olmaq qərarına gəlir. İlk vaxtlar onlar Süzana miras qalmış və Nyu-York yaxınlığında yerləşən Mamorenek adlı bir kənddə yaşayırlar, sonra isə tezliklə Kuperstauna köçmək haqqında fikirləşirlər. Kuper Osteqo gölünün qərb sahilində bir torpaq sahəsi alır, bir müddət burada özünə daşdan böyük bir ev tikir və kənd təsərüffatı işləri ilə məşğul olur.

Ona məxsus olan torpaqların bir hissəsini icarəyə verən Ceyms əlindəki pullarını ticarətə qoyur və eyni zamanda siyasətlə də məşğul olmaq qərarına gəlir. O, öz istedadına, qabiliyyətinə çox güvənirdi və düşünürdü ki, tezliklə ölkənin siyasi həyatından əhəmiyyətli yerlərdən birini tuta biləcəkdir. Lakin bir təsadüf onun bütün planlarını pozur və həyatını tamamilə başqa məcraya çevirir. O vaxtın dəbdə olan Avropa romanlarından birini oxuyan Kuper öyünərək deyir ki, bundan da yaxşı əsər yaza bilərəm. Süzan və onun əmisi qızı onu ələ salır və cırnadırlar. Tərsliyə düşən Kuper roman yazmaq və boş-boş danışmadığını sübut etmək qərarına gəlir və beləliklə, onun və eləcə də bütün Amerikanın həyatında əlamətdar bir hadisə baş verir. O, yazıçılıq fəaliyyətinə başlayır və dünya ədəbiyyatının korifeylərindən biri kimi məşhur olur...

Yaradıcılığı

"Yeni Dünya"da ingilis müstəmləkəçiliyinin dönüş mərhələsi sayılan milli istiqlaliyyət uğrunda müharibə (1776-1783) qitədə böyük bir dövlətin - Amerika Birləşmiş Ştatlarının yaranması ilə nəticələnmişdir. Bu hadisədən altı il sonra dünyaya gəlməsinə baxmayaraq, Kuperin yaradıcılığında müharibə ən aparıcı mövzuya çevrilmişdi ki, bu da səbəbsiz deyildi. Kuperlər ailəsi müharibə illərinin xatirəsini uzun illər unuda bilməmişdilər. Tez-tez qohumları, tanışları (onların əksəriyyəti müharibədə iştirak etmişdi) malikanənin qonaq otağına toplaşıb, qanlı günlərdə Amerika torpaqlarına vurulan ağır yaralardan danışardılar. Uşaqlığında hadisələri beləcə, şahidlərin öz dilindən eşidən Fenimor böyüyəndən sonra müharibə illərinin tarixçisinə çevrildi.

Milli Amerika ədəbiyyatının ilk qiymətli nümunələrini yaradan Kuper məhsuldar yazıçılardan olmuşdur. Tədqiqatçılar onun yaradıcılığını üç dövrə bölürlər: Birinci dövrdə (1821-1826) "Casus", "Losman", "Pionerlər", "Sonuncu Mogikan"; İkinci dövrdə (1826-1833) "İgid", "Heydenmauer", "Cəllad"; Üçüncü dövrdə (1833-1850) "Evə", "Evdə", "Mogikanlar", "Ləpirçi", "Vəhşi heyvan ovçusu" əsərləri yaranmışdır.

C.F.Kuper əvvəlcə kiçik tarixçələr, sonralar isə Qərbi Avropa yazıçılarının təsiri altında ilk romanlarını yazmağa başlayır. İlk romanı olan "Ehtiyat" heç bir uğur qazanmamasına baxmayaraq, bu gənc yazıçı həvəsdən düşmür və yeni əsər "Casus" romanı üzərində işləyir. Müəllifin fikrincə, bu əsl Amerika romanı olmalı idi. Doğrudan da o dövrə qədər Yeni Dünyada yaranan bədii əsərlər daha çox Avropa ədəbiyyatlarının, xüsusilə, ingilis ədəbiyyatının təsiri altında yazıldığından, onlarda milli xüsusiyyətlər çox az idi. Digər tərəfdən də hələ Amerika xalqı heç də düz-əməlli formalaşmamışdı. Bunu çox yaxşı dərk edən Kuper məhz milli Amerika ədəbiyyatını yaratmağa çalışır.

"Casus" romanının uğurlarından sonra Kuper daha böyük həvəslə milli Amerika romanları yazmaq qərarına gəlir və "Pionerlər" adlı əsəri üzərində işləyir. İlk dəfə olaraq bu romanın səhifələrində sonradan Dəri Corab, Vəhşi heyvan ovçusu, Şahingöz, Uzun Karabin və Ləpirçi ləqəbləri ilə tanınacaq "ağ adam" Nataniel (Natti) Bamponun və onun "qırmızı dərili" hindu dostları Çinqaçkuk, onun oğlu Unkas göründü.

"Pionerlər" romanı çap olunandan bir il sonra dəniz mövzusuna həsr etdiyi ilk romanını - "Losman" əsərini yazır. Valter Skotun "Pirat" (Dəniz qulduru) romanı çapdan çıxandan sonra C.F.Kuper bu məşhur ingilis tarixi roman ustası ilə yarışa girmək qərarına gəlir və dəniz mövzusunda bu əsərini yazır.

Boston uğrunda müharibə mövzusu da o dövrdə çox populyar idi və Kuper bu mövzuda ingilis zadəganlarının həyatından bəhs edən "Layonel Lankoli" romanını yazmışdır.

Kuper 1826-1833-cü illərdə Avropaya səyahətə çıxmış, Fransanı, İtalyanı və Almaniyanı gəzmiş, 1830-cu il "İyul İnqilabı"-nın şahidi olmuş, vətənə qayıdandan sonra "Amerikanın Avropa qeydləri" adlı publisistik əsərini qələmə almışdır. Avropa səyahəti yazıçının dünyagörüşünü dəyişmiş və onu Amerika hadisələrinə düzgün qiymət verməyə sövq etmişdir.

Kuper uşaqlıqdan haqsızlıqlara qarşı barışmaz olmuşdur. Gözləri önündə hindilərə məxsus torpaq sahələri hərraca qoyulanda, siyasi avanturistlər cəzasız qalanda, müstəmləkəçilər yerli əhali ilə qəddarcasına rəftar edəndə o kədərlənmiş, qəlbində yaşadığı quruluşa nifrət oyanmışdır. Avropa səyahətindən sonra "Mədəni Amerikada" törənən haqsızlıqlara daha kəskin etirazını bildirmiş və 1835-ci ildə "Mogikanlar" adlı alleqorik satirasını yazmışdır. Yazıçı bu original romanında Amerika həyatının xarakterik cizgilərini mahir rəssam fırçası ilə çəkməyə nail olmuşdur. Yazıçının digər romanlarında da sosial həyatın eybəcərlikləri açılıb göstərilirdi. Bu əsərləri oxuyan Amerika "Vətənpərvərləri" özlərini təhqir olunmuş hesab etmiş və cəmiyyətə guya böhtan atdığına görə Kuperi məhkəməyə vermişdilər. Amerikalılar bundan sonra uzun müddət Kuperlə barışa bilməmişlər. Məşhur tarixi romanları çap olunandan, şöhrəti bütün dünyaya yayılandan sonra belə o, müasirlərinin haqsız hücumlarına məruz qalmışdır. Belə ki, Atlantik okeanının o biri sahilində, Avropada Kuperin adını Valter Skotla, Balzakla, hətta Şekspirlə yanaşı çəkirdilər, vətənində isə ona töhmətlər yağdırırdılar. Görkəmli Amerika yazıçısı German Mervilin sözləri ilə deyilərsə, "müasirləri sadəürəkli adamın, böyük insanın yaradıcılığını düzgün qiymətləndirə bilməmişdilər".

Tarixi mövzular bütün yaradıcılığı boyu Kuperi özünə cəlb etmişdir. Doğrudur, onun tarixə müraciəti heç də uğurlu olmamışdır. Avropa səyahəti zamanı böyük Şotland yazıçısı Valter Skotun yolu ilə gedərək mövzusunu orta əsr Avropa həyatından aldığı "İgid", "Heydenmauer", "Cəllad" trilogiyasını yazmışdır. Bu əsərlər yazıçının əvvəlki romanlarından zəif alınmışdır.

Dəri Corab

Kuperin bədii yaradıcılığında əsas yeri Dəri Corab haqqında romanlar silsiləsi təşkil edir. Kuper sanki ona görə dünyaya gəlmişdi ki, hindi mövzusunu böyük ədəbiyyata gətirsin. O, hindiların həyat və məişətini, inam və etiqadlarını diqqətlə öyrənmişdir. Onların folkloru Kuper üçün mənəvi qida mənbəyi olmuşdur. Hindilərin şifahi xalq ədəbiyyatının təsiri məhz Dəri Corab haqqında romanlar silsiləsində daha qabarıq nəzərə çarpır.

Kuper Natti Bampoya həsr olunan epopeya üzərində qısa fasilələrlə on səkkiz il işləmişdir.

Dəri Corab haqqında romanlar silsiləsinə beş əsər ("Pionerlər", "Sonuncu Mogikan", "Ləpirçi", "Preriya", "Vəhşi heyvan ovçusu") daxildir. Bunlar dünya ədəbiyyatı xəzinəsində "Pentalogiya" adı ilə tanınır.

Pentalogiyanın birinci romanı "Pionerlər"-də hadisələr unudulmuş Templtaun şəhərində cərəyan edir. Bu şəhər Avropanın müxtəlif ölkələrindən köçən ailələri qoynuna almışdı. Burada "Vəhşi Amerika" ilə "Mədəni Avropa" qarşı-qarşıya dayanmışdır. Vəhşi sayılan hindilər idi, mədəni sayılan isə avropalılar. Ağdərili müstəmləkəçilər məhz bu prinsip əsasında hindi qəbilələrinə basqınlar edir, onların kökünü kəsməyə can atırdılar.

Kuper "Pentalogiya"-ya daxil olan romanlarındakı hadisələri də məhz bu konflikt üzərində qurmuşdur.

Amerikanın dramatik və faciəli dövrünü əks etdirən Kuper bəzən qəhrəmanlarını ideallaşdıraraq qeyd edir ki, "Unkas mogikanların sonuncu nümayəndəsidirsə, Bampo da axırıncı Pionerdir". Yazıçı Dəri Corabın və onun sadiq dostlarının macəralarını romantik boyalarla təsvir etdiyi halda, Amerikanın müstəmləkəyə çevrilməsini real cizgilərlə göstərir.

Natti Bampo obrazı