Hacınski Mehdi bəy Süleyman bəy oğlu () — görkəmli maarif və mədəniyyət xadimi, aktyor, ictimai-siyasi xadim publisist, naşir, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, daxili işlər nazirinin müavini. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Müsavat və demokratik bitərəflər qrupundan üzvü, həmçinin İstiqlal Bəyannaməsini imzalayan 26 şəxsdən biri olmuşdur.
Həyatı
İlk illəri Mehdi bəy Süleyman bəy oğlu Hacınski 1879-cu il may ayının 24-də Qubada ziyalı və bəy ailəsində anadan olmuşdur. O, Azərbaycan Xalq Cümhuriyyətinin poçt və teleqraf naziri, 1937-ci il repressiyalarının qurbanı Camo bəy Hacınskinin böyük qardaşı idi. Anası Nuşafərin xanım, Qubanın görkəmli şairi və maarifçisi Hacı Mirzə Heybət Axundzadənin qızıdır. Əvvəlcə mədrəsədə oxuyan Mehdi, sonra təhsilini Bakıdakı realnı məktəbində davam etdirmiş və Şərq dilləri kurslarını bitirmişdir.
İctimai-mədəni fəaliyyəti Hacınski, 1896-cı ildə Bakıda müsəlman teatr truppasının təşkilində yaxından iştirak etmişdi. O, 1905-ci ildə Bakı Şəhər Dumasının üzvü seçilmişdi.İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 Bakı – Mütərcim – 2013 Müsəlman xeyriyyə cəmiyyətinin (“Cəmiyyəti-xeyriyyə”), “Nicat” və “Səfa” mədəni-maarif cəmiyyətlərinin təşkilatçılarından olmuşdur. 1906-cı ildən "Nicat" xeyriyyə cəmiyyətinin teatr bölməsinə rəhbərlik etmiş, 1914-cü ildən "Səfa" cəmiyyəti teatr bölməsinin sədr müavini olmuşdur. "Nicat" cəmiyyəti adından Ü. Hacıbəyova "Leyli və Məcnun" operasına görə mükafatı o təqdim etmişdir. Ü. Hacıbəyovun yaradıcılığına daim diqqətlə yanaşırdı.
Bakı teatrlarında müxtəlif xarakterli obrazlar- Karl Moor (“Qaçaqlar”, F.Şiller), Nadir şah (“Nadir şah”, N.Nərimanov) və s. yaratmışdır. Hacınskinin teatrda ilk çıxışı Nəriman Nərimanovun “Nadanlıq” əsərində olmuşdur. İlk məqaləsi İsmayıl bəy Qaspralının “Tərcüman” qəzetinin 1898-ci il 8 dekabr tarixli sayında Azərbaycan və rus dillərində dərc olunmuşdur. “Kaspi”, “Həyat”, “İqbal”, “İrşad” və s. qəzetlərdə, “Zənbur”, “Molla Nəsrəddin” jurnallarında “Ürfüzadə”, “Dəmdəməki”, “Avara”, “Estet” və s. imzalarla Azərbaycan teatrına, aktyor sənətinə dair məqalələr, hekayə, oçerk və felyetonlar dərc etdirmişdir. 1906-07-ci illərdə “Hümmət” təşkilatının rəsmi çap orqanı olan “Təkamül” qəzetinin naşiri olmuşdur. Bir sıra pyesləri (“Əl-Mənsur”, H.Heyne; “Qaçaqlar”, F.Şiller; “Nadan övlad”, D.Fonvizin və s.) Azərbaycan dilinə tərcümə etmişdir. Xalq yaradıcılığı nümunələrinin toplanıb Azərbaycan və rus dillərində nəşr edilməsində də Mehdi bəyin xidmətləri olmuşdur. Onun, “Sultan Əbdüləzizin xəli, yaxud ilk Türk Cümhuriyyəti” adlı dram əsəri var. Firidun bəy Köçərliyə ədəbiyyat tarixinə aid materialların axtarışında əvəzsiz köməklik göstərmişdir.
Hacınski Azərbaycan şifahi xalq yaradıcılığı nümunələrinin toplanması və nəşri ilə də məşğul olmuşdur. Mirzə Ələkbər Sabirlə dost olub, ölümündən sonra əsərlərinin nəşrində fəal iştirak edib. Sovet dövründə Tiflisdə çıxan “Yeni fikir”, "Yeni kənd" qəzetləri və “Dan ulduzu” jurnalı ilə əməkdaşlıq edib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət xeyriyyə təşkilatı olan “Uşaq evi” cəmiyyətinin həqiqi üzvlərindən biri də Mehdi bəy Hacınski olmuşdur.
Birinci Dünya müharibəsinin başlanmasından sonra, 1914-cü ilin sentyabrında Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti müharibədə yaralanan və xəstə hərbçilərə yardım göstərmək məqsədilə Mirzə Əsədullayevin sədrliyi və Mehdi bəy Hacınskinin katibliyi ilə 32 üzvdən ibarət xüsusi bölmə yaradaraq, oktyabr ayında “İsmailiyyə” binasında 100 çarpayılıq müsəlman hərbi xəstəxanası təşkil etmişdir.
Bakı Dövlət Universitetinin təşkilində və təhsil sahəsində xidmətləri 1919-cu ilin yayında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Zaqafqaziya Universitetinin Bakıya köçürülməsi müzakirəyə çıxarılmış, lakin bu təşəbbüs gerçəkləşmədikdə, yeni universitetin yaradılması qərara alınmışdır. Bu kontekstdə Mehdi bəy Hacınski universitetin açılması təşəbbüsünü parlamentdə fəal şəkildə müdafiə etmiş, məsələnin aktuallığını və zəruriliyini vurğulamışdır. 1919-cu il avqustun 21-də keçirilən parlamentin 67-ci iclasında Müsavat fraksiyasının üzvü kimi çıxış edən Hacınski universitetin təşkili istiqamətində hökumətin gördüyü işlər barədə ətraflı məlumat vermişdir. O, universitet üçün zəruri olan infrastruktur və kadr təminatının mövcud olduğunu əsas gətirərək bu təşəbbüsə dəstək çağırışı etmişdir. Hacınski demişdir:
Mehdi bəy Hacınski 1919-cu ilin avqustun 25-də parlamentin 68-ci iclasında universitetin yaradılması haqqında qanun layihəsinin maddə-maddə səsə qoyulmasını təklif etmiş və bu təklif əsasında universitetin nizamnaməsi müzakirə edilmişdir. Ən çox mübahisə doğuran məsələlərdən biri universitetə muxtariyyət verilməsi ilə bağlı olmuşdur. Hacınski bu məsələyə aydınlıq gətirərək qeyd etmişdir ki, nizamnamədə nəzərdə tutulan muxtariyyət yalnız elmi çərçivədə tətbiq olunacaqdır.
Mehdi bəy Hacınski həmçinin 1919-cu il sentyabrın 1-də qəbul olunan qərara əsasən 100 nəfər azərbaycanlı tələbənin xarici ölkələrə dövlət hesabına göndərilməsi təşəbbüsünün həyata keçirilməsində də aktiv rol oynamışdır. Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə yaradılan müsabiqə komissiyasının üzvü kimi o, tələbələrin seçilməsi və xarici ölkələrə göndərilməsi prosesində iştirak etmişdir.
Siyasi fəaliyyəti
AXC dövrü 1917-ci ildən Müsavat Partiyasının, Zaqafqaziya Seyminin, "Müsəlman fraksiyası"nın üzvü olub. Milli Şuranın Azərbaycan İstiqlal Bəyannaməsini qəbul etmiş 26 üzvündən biridir. Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr tarixli "Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanun"a əsasən Azərbaycan Parlamentinin tərkibinə daxil edilmişdi. Hacınski, Parlamentin Rəyasət Heyətinin tərkibinə və “Müsavat” Partiyasının II qurultayında isə partiyanın Mərkəzi Komitəsi Rəyasət Heyətinə seçilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər nazirinin müavini vəzifəsində çalışmışdı. 1918-ci ilin oktyabrında Gəncə hərbi məktəbinin ilk buraxılışında daxili işlər nazirinin müavini kimi iştirak edənlərdən biri olmuşdur.
1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin katibi olmuşdu.İltifat Əliyarlı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə rabitənin inkişafı. Bakı: Mütərcim, 2009, səh.85. Hacınski, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yeni yaradılmış Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır.
Sovet hakimiyyəti illərində Bolşeviklər Azərbaycanı ələ keçirdikdən sonra Hacınski ölkədə qaldı. Həmin dövrdə Məhkəmə Xadimlərinin I Qurultayında Xalq Hakimləri Şurasının Rəyasət Heyətinə üzv seçilmişdir. Mircəfər Bağırovun himayəsində olan Hacınski, Xalq Ədliyyə Komissarlığında təlimatçı kimi çalışmış, məhkəmə idarələrinin təşkili məqsədilə Naxçıvan Muxtar Respublikasına ezam olunmuşdur. Burada Xalq Ərzaq Komissarının və Xalq Maarif Komissarının müavini vəzifələrini icra etmiş, Naxçıvan MSSR Ali İqtisadi Şurasının üzvü və Muxtar Respublikanın Tədqiqi üzrə Komitənin sədri seçilmişdir. Sonralar Azərbaycan Xalq Təsərrüfatı Şurası (AXTŞ) Baş İdarəsi rəisinin müavini, “Xalq təsərrüfatı” jurnalının redaksiya kollegiyasının üzvü olmuş, dövlət qulluqçuları üçün türk dili kurslarına rəhbərlik etmişdir.
Mehdi bəy Hacınski 18 iyun 1941-ci ildə Bakıda vəfat etmişdir.
Ailəsi Mehdi bəyin oğlu Adil Hacınski Azərbaycan bəstəkarı Tofiq Quliyevin bacısı, professor Fəridə-Simuzər Quliyeva (1925-2016) ilə ailə qurmuşdur. Hacınskilər nəslinin nümayəndələrindən olan nəvəsi Rəna Hacınski isə 2020-ci illərdə vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər Mehdi bəy Hacınski dodaq-qaçdı danışır (öz səsi, Bəhram Mansurovun arxivindən, YouTube
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvləri Kateqoriya:Bakı real məktəbinin məzunları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirlərinin müavinləri Kateqoriya:Bakı Şəhər Dumasının üzvləri Kateqoriya:Hacınskilər Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin katibləri Kateqoriya:Azərbaycan dilinə tərcümə edənlər Kateqoriya:Zaqafqaziya Seyminin üzvləri Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:Azərbaycan müsəlmanları Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr publisistləri Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:SSRİ publisistləri Kateqoriya:Qəzet redaktorları Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycan redaktorları