Tbilisi Azərbaycan Teatrı — Tbilisidə fəaliyyət göstərən Azərbaycan teatrı.

Yaranması 1873-cü ildə yaranıb. İctimai teatr kimi fəaliyyətə başlayan mədəniyyət ocağı ötən illər ərzində ətrafında peşəkar aktyor ordusu birləşdirməyə müvəffəq olub. Kadr potensialı, ustalıqla səhnələşdirilən tamaşalar — bütün bunlar Azərbaycan-Tbilisi teatrına yeni-yeni uğurlar gətirib. Qısa müddət ərzində geniş auditoriya kütləsi toplayıb. Teatra kütləvi axın isə incəsənət ocağının maddi təminatının qarantına çevrilib. Hətta fəaliyyəti dövründə Tbilisinin bir sıra teatrlarını maliyyələşdirib. Mədəniyyət ocağı Azərbaycan teatr sənətinin inkişafına da töhfələr verib. Görkəmli kino və teatr xadimlərimiz Möhsün Sənani, Mustafa Mərdanov da məhz bu teatrın yetirmələridir. 1947-ci ildə fəaliyyəti dayandırılan teatr böyük fasilədən sonra 1998-ci ildə yenidən bərqərar olunur. 2004-cü ildə Tbilisi Azərbaycan Teatrına dövlət statusu verildi. Qərar, teatrın inkişafının yeni mərhələsinin əsasını qoydu. Paralel olaraq Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin möhkəmlənməsi teatrın inkişafına təsirsiz ötüşmədi.

Fəaliyyəti Qafqazın böyük şəhərlərindən olan, vaxtilə azəri türklərinin sıx yaşadıqları Tiflis şəhərində Azərbaycan teatrının fəaliyyətini iki qola ayırmaq olar:

a) Tiflisdə peşəkar Azərbaycan teatrının təşəkkülü və müxtəlif teatr dəstələrində, truppalarda onun inkişaf mərhələləri (1873–1922-ci illər);

b) Teatrın institusional mədəniyyətin faktı olduğu və Tiflis Dövlət Azərbaycan Teatrı adı altında fəaliyyət göstərdiyi dövr (1922–1947-ci illər).

Tamaşalar "Kafkaz" qəzetinin 1873-cü il 25 mart tarixli sayında yazıldığına görə, Novruz bayramı münasibətilə Tiflisin "Cəmiyyət yığıncağı" zalında şəhərin azərbaycanlı ziyalıları teatr tamaşası oynamışlar. Oynanılan tamaşa Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyasının bir neçə şəkli olub.

Tiflis şəhəri XIX əsrdə Qafqazın mərkəzi sayılırdı. Canişinliyin burada yerləşməsi Tiflisi həm siyasi, həm iqtisadi, həm də maarif və mədəniyyət baxımından müəyyən inkişaf yoluna çıxarınışdı. Milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadə burada yaşayırdı və onun komediyaları rus, fars, gürcü dillərinə, osmanlı türkcəsinə məhz Tiflisdə tərcümə edilmişdi. Hətta zadəgan evlərində dramaturqun əsərləri 1850-ci illərin sonlarında rus və gürcü dillərində tamaşaya qoyulub.

Azərbaycanın teatr həvəskarları 1880–1900-cü illərdə, əsasən, Novruz, Orucluq, Qurban bayramlarında, ayrı-ayrı məktəblərin müxtəlif müsamirələrinə həsr olunmuş tədbirlərdə teatr tamaşaları göstəriblər. Tamaşalar Tiflisin müxtəlif klublarında, daha çox Zadəgan banki binasının salonunda və Artsruni teatrında göstərilib. Teatr tamaşalarını ziyalılar və tələbələr hazırlayırdılar. Səhnə əsərlərinin fasilələrində klassik Şərq üçlüyünün konsertləri də olurdu. Əlbəttə ki, bu tamaşalar ilk növbədə əyləncə məqsədilə göstərilirdi. Lakin onun kökündə açıq və ya dolayı şəkildə maarifləndirmə ideyası, maarifləndirmə ruhu əsas idi.

Tamaşaların göstərildiyi binalar 1900–1920-ci illərdə Azərbaycan teatr həvəskarlarının hazırladıqları tamaşalar aşağıdakı binalarda oynanılıb:

"Gürcü zadəgan teatrı" (bir adı da "Artsruni teatrı "dır). Bu bina 1914-cü ildə yaranıb. Onun yerində təzə bina tikilib və hazırda Gürcüstan Dövlət Rus Dram Teatrının binasıdır.

"Artistlər cəmiyyəti". Hazırda Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Dram Teatrı həmin binada fəaliyyət göstərir.

"Kazyonnı teatr". İndiki Zaxari Paliaşvili adına Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrının binası.

"Zubalov adına Xalq evi" ("Xalq evi"). Konstantin Marcanaşvili adına Gürcüstan Dövlət Dram Teatrı indi həmin binada yerləşir.

"Mir", "Araks", "Avlabar-Palas", "Auditoriya" adlanan mədəniyyət ocaqlarında, azəri türklərinin sıx yaşadıqlan Ortaçala, Şeytanbazar, Havlabar məhəllələrindəki münasib binalarda da tamaşalar oynanılıb.

Tiflis Azərbaycan Teatrı mətbuatda 1875-ci ildə "əkinçi", bir qədər sonra "Ziya" qəzetlərinin nəşri, Tiflis mədəni mühitinin tərəqqisi, əcnəbi teatr truppalarının buraya müntəzəm qastrolları XIX əsrin sonlarında və XX əsrin ilk onilliyində Azərbaycan səhnə sənətinin inkişafına güclü təkan verib. Tiflisdə daimi olmasa da, vaxtaşırı birləşib tamaşalar hazırlayan fədakar teatr həvəskarlarının yığcam dəstəsi yaranmışdı. Həmin dəstəyə Mirzəli Abbasov, Mirzəxan Quliyev, Paşa bəy Hüseynov, Osmanağa Qabulov, Mirzə Abdulla Abdullazadə, Müslüm İbrahimov, Hüseyn Minasazov, Qulam Vahabov, Məşədi Yusif, Hüseyn Çıldırov, Məmmədtağı Ələsgərov, Ağasəf Axundzadə daxil idilər. Müxtəlif sahələrdə çalışan ziyalılardan Mirzə Seyfəddin, Eynalı bəy Sultanov, Məhəmməd ağa Şahtaxtlı, Behbud Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərli teatr tamaşalarının hazırlanmasma yaxından köməklik və diqqət göstərirdilər.

Truppalar 1908–1920-ci illər arasında Bakının Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Əbülfət Vəli kimi şöhrətli aktyorlarının Tiflisə vaxtaşırı qastrolları şəhərdə milli teatr sənətimizin tərəqqismə təkan verib. Bu dövrdə Tiflisdə əvvəlcə "Müsəlman teatr artistləri cəmiyyəti", az sonra "Səadət", "İttihad" və "İbrət" teatr dəstələri fəaliyyət göstəriblər. Truppalara Həbib bəy Köçərlinski, Əşrəf Yüzbaşov, Mirseyfəddin Kirmanşahlı Panfiliya Tanailidi, Rza Təhmasib, Mustafa Mərdanov, Möhsün Cəfərov (Sənani), İbrahim İsfahanlı, Əli Qurbanov, Ələkbər Seyfi kimi istedadlı gənclər üzv olublar.

Rejissor işi 1900–1920-ci illərdə göstərilən tamaşalara rejissorlugu, əsasən, Mirzəli Abbasov, Mirzəxan Quliyev, Məmmədtağı Ələsgərov, Mirseyfəddin Kirmanşahlı, Mustafa Mərdanov ediblər. Daha tez- tez Mirzə Fətəli Axundzadənin "Hacı Qara", "Lənkəran xanının vəziri", Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər", "Müsibəti-Fəxrəddin", "Daldan atılan daş topuğa dəyər", Səkinə Axundzadənin "Zülmün səmərəsi", Nəriman Nərimanovun "Dilin bəlası" ("Şamdan bəy"), "Nadir şah", Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", "Ağa Məhəmməd şah Qacar", "Millət dostları", Rəşid bəy Əfəndiyevin "Qan ocağı", "Qonşu qonşu olsa, kor qız ərə gedər", Sultannıəcid Qənizadənin "Xor- xor", "Dursunəli və ballıbadı" komediyaları, faciələri və məsxərələri tamaşaya qoyulub.

Tərcümə əsərlərindən tamaşaçılar Vilyam Şe kspirin "Otello" (Otello — Mirzəli Abbasov), Namiq Kamalın "Akif bəy", "Vətən", "Bəxtsiz bala", Şəmsəddin Saminin "Dəmirçi Gavə", Jan Batist Molyerin "Jorj Danden", "Zorən təbib", Henrix Heynenin "Əl Mənsur", Nadejda Loxmanovanın "Napoleon Bonapartın ölümü", İvan Turgenevin "Pulsuzluq", Vano Mçedaşvilinin "Qaçaq Kərəm", Fransua Volterin "Sultan Osman, Beytülmüqəddəs hökmdarı", S. Lanskoyun "Qəzavat", Fridrix Şillerin "Qaçaqlar", "Məkr və məhəbbət", Niko-lay Qoqolun "Müfəttiş" pyeslərinin səhnə həllinə daha çox maraq göstərirdilər.1909-cu ildən başlayaraq müxtəlif teatr dəstələri Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun", "Şeyx Sənan", "Şah Abbas və Xurşid banu", "Əsli və Kərəm", "Ər və arvad", "Məşədi İbad", "Arşın mal alan", Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib", "Evliykən subay", "Əlli yaşında cavan" opera yə operettalarını öz repertuarına daxil edib. 1918–1921-ci illərdə Tiflisdə yerli teatr həvəskarları "Ittihad" və "İbrət" dəstələrinin ətrafında cəmləşiblər. Onların müxtəlif səhnə fədailəri İrana və Türkiyəyə qastrollara gediblər. Tamaşalar daha tez-tez göstərilib. Repertuara Cəfər Cabbarlının "Ədirnə fəthi", "Trablis müharibəsi", "Bakı müharibəsi", Cəlil Məmmədquluzadənin "Ölülər", Rza Zaki Lətifbəyovun "Köhnə Türkiyə", İsa bəy Aşurbəylinin "Azərbay və Can" əsərlərinin tamaşaları daxil edilib."İttihad" və "İbrət" o vaxt Gürcüstanda işləyən Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü ilə birləşəndən sonra azərbaycanlı teatr həvəskarlarının tamaşa afişalarına bu adlar yazılıb: "Tiflis türk dram cəmiyyəti aktyorları", "Tiflis tünc aktyorları".1921-ci ilin axırlarında get-gedə güclənən Tiflis Azərbaycan teatrı özünə dövlət statusu almaq üçün səylə çahşıb. Kollektiv hökumət komissiyasma göstərmək üçün türk ədibləri Hüseyn Bədrəddinlə Məhəmməd Rüfətin "Əmir Əbül Üla" dramını seçmişdi. Tamaşanın quruluşçu rejissoru Mirseyfəddin Kirmanşahlı idi və Əbül Ülanı da özü oynayıb. Sınaq tamaşasında digər əsas rolları İbrahim İsfahanlı (Əbu Dəyyab), Tərlan xanım (Zübeydə), Mirzəli Abbasov (Səyyah), İsmət xanım Əliyeva (Rəbiyyə), Əhməd Salahlı (Məsud), Əsgər Naxçıvanlı (Sərkərdə) ifa ediblər. Zövq və peşəkarlıqla hazırlanmış "Əmir Əbül Üla" tamaşası Rustaveli teatrının binasında göstərilib. Tamaşaya hökumət nümayəndələri, həmçinin gürcü, rus, abxaz, acar ziyalıları baxıblar. 1922-ci ilin əvvəllərində kollektivə Mirzə Fətəli Axundzadə adına Tiflis Dövlət Türk Dram Teatrı (TDTDT) adı verilib. Teatr uzun illər öz tamaşalarını cümə günləri Rustaveli teatrında, sonralar Nəriman Nərimanov klubunda göstərib. Tiflis Dövlət Türk (Azərbaycan) Teatrı özünün 25 illik fəaliyyətində ziddiyyətli, tərəddüdlü və əsasən, uğurlu, səmərəli yaradıcılıq yolu keçib. Teatr daim əlvan və zəngin repertuar uğrunda axtarışlar aparıb, dram, komediya və faciə janrlarında dəyərli tamaşalar hazırlaya bilib. Müxtəlif illərdə bu sənət ocağında İbrahim İsfahanlı, Aleksandr Tuqanov, Yusif Yulduz, Əli Şahsabahlı, İsfəndiyar Hüseynov, Mirseyfəddin Kirmanşahlı, Aşır Bilalov, Əlihüseyn Rzayev baş rejissor və quruluşçu rejissor kimi çalışmışlar.

Yaradıcılıq fəaliyyəti