Bülövqaya — Naxçıvan Muxtar Respublikasının Babək rayonunda, Göynük kəndi yaxınlığında yerləşən Eneolit dövrü arxeoloji yaşayış yeri. Abidə Sarısu çayının sol sahilində, dəniz səviyyəsindən təxminən 1430–1452 metr yüksəklikdə yerləşir.

Bülövqaya tapıntıları e.ə. V minillikdə Naxçıvanın Şimali Mesopotamiya, Urmiya hövzəsi və Şərqi Anadolu ilə əlaqələrinin öyrənilməsində istifadə olunur. Tapıntılar arasında sadə və boyalı keramika, obsidian və çaxmaqdaşı alətlər, sümük məmulatı, tikili qalıqları, ocaqlar, təsərrüfat quyuları və keramika sobaları vardır.

Coğrafi mövqeyi Yaşayış yeri Babək rayonunun Göynük kəndi yaxınlığında, Sarısu çayının sol sahilində yerləşir. Topoqrafik plana görə abidənin ümumi sahəsi 1,14 hektardır; tədqiqatlarda onun dəniz səviyyəsindən təxminən 1430–1452 metr yüksəklikdə olduğu göstərilir. Ərazi dağlıq relyefə malikdir və otlaq sahələrinə, su mənbələrinə, eləcə də obsidian ehtiyatlarının yerləşdiyi bölgələrə nisbətən yaxındır.

Tədqiqat tarixi Bülövqaya 2017–2019-cu illərdə aparılan arxeoloji axtarışlar zamanı əldə edilmiş yerüstü materiallar əsasında öyrənilmişdir. Yaşayış yerinin keramika materiallarına dair ayrıca tədqiqat 2021-ci ildə nəşr edilmişdir.

2023-cü ildə yaşayış yerində 2×2 və 2×3 metrlik yoxlama qazıntıları aparılmışdır. 2024–2025-ci illərdə isə Vəli Baxşəliyevin rəhbərlik etdiyi arxeoloji ekspedisiya yeddi 10×10 metrlik sahədə qazıntı aparmışdır.

Qazıntılar zamanı rənginə və strukturuna görə fərqlənən iki tikinti qatı müəyyən edilmişdir. Tikili qalıqları arasında dördkünc planlı, yüngül konstruksiyalı evlər, dirək yerləri, ocaqlar, təsərrüfat quyuları, iri saxlanc qabları və keramika sobaları qeydə alınmışdır.

2021-ci ildə Elmar Baxşəliyev Bülövqaya keramikasını Übeyd tipli Dalmatəpə boyalı keramikası ilə əlaqələndirirdi. 2024–2025-ci illərdə dərc olunan tədqiqatlarda isə Bülövqayada Dalmatəpə mədəniyyəti üçün xarakterik basmanaxışlı keramikanın olmaması vurğulanmış, yaşayış yerinin maddi mədəniyyəti Übeyd təsiri, yerli xüsusiyyətlər və qonşu regionlarla əlaqələr kontekstində şərh edilmişdir.

2026-cı ildə də Bülövqaya arxeoloji ekspedisiyasının qazıntıları Vəli Baxşəliyevin rəhbərliyi ilə davam etdirilmişdir.

Xronologiyası Bülövqayadan götürülmüş kömür nümunələrinin radiokarbon analizləri yaşayış yerinin əsas Eneolit mərhələsini e.ə. V minilliyin birinci yarısı və ortaları ilə əlaqələndirir. Nəşr olunmuş üç kalibrlənmiş interval e.ə. 5007–4782, 4953–4723 və 4508–4353-cü illərdir.

Bu nəticələr Bülövqayada məskunlaşmanın e.ə. V minilliyin birinci yarısı və ortalarında davam etdiyini göstərir.

Maddi mədəniyyət

Keramika Bülövqayadan əldə olunan tapıntıların əsas hissəsini keramika təşkil edir. 2024–2025-ci illərin qazıntıları zamanı 10 507 keramika nümunəsi qeydə alınmış, bunlardan 1939 nümunənin qab forması müəyyən edilə bilmişdir. Bu nümunələrin 69,6%-ni sadə çəhrayı rəngli keramika, 27,4%-ni boyalı keramika, 2%-ni qəhvəyi rəngli keramika, 1%-ni isə qara rəngli keramika təşkil etmişdir.

Sadə keramikanın böyük hissəsi sarımtıl, qırmızı və narıncı çalarlı, saman və bəzən qum qarışıqlı gildən hazırlanmış qablardır. Kasa tipli qablar üstünlük təşkil edir; küpə, çölmək və iri təsərrüfat qablarının fraqmentləri də aşkar edilmişdir.

Boyalı keramikanın bir hissəsində açıq sarı və narıncı fon üzərində qara və qəhvəyi rəngli həndəsi motivlər işlənmişdir. Tədqiqatçılar bu qrupda Übeyd mədəniyyətinin keramika ənənələri ilə oxşarlıqlar müəyyən etmişlər. Bununla yanaşı, Bülövqaya nümunələrinin Übeyd keramikasını tam təkrar etmədiyi və yerli xüsusiyyətlər daşıdığı vurğulanır.

Bəzi qablar relyef çıxıntılar, çərtmələr və barmaq basqıları ilə bəzədilmişdir. Bu ornamentasiya üsullarının müqayisəsi Bülövqaya keramikasında Cənubi Qafqaz və Şərqi Anadolu ənənələri ilə paralellərin də mövcud olduğunu göstərir.

Daş və sümük alətlər Yaşayış yerindən obsidian və çaxmaqdaşından hazırlanmış kəsici və biçici alətlər, daş baltalar, sürtgəclər, dən daşları və sümük alətlər aşkar edilmişdir. Tədqiqatlarda analiz olunan 74 obsidian nümunəsinin əsas hissəsi Zəngəzur, daha az hissəsi isə Meydandağ mənbələri ilə əlaqələndirilmişdir.

Təsərrüfat və yaşayış quruluşu Tikinti qalıqları dördkünc planlı, yüngül konstruksiyalı evlərin təsərrüfat sahələrinin ətrafında qruplaşdığını göstərir. Bu sahələrdə ərzaq quyuları, ocaqlar, daş və sümük alətlər, iri saxlanc qabları və keramika sobaları aşkar edilmişdir.

2025-ci il Tempus Pontem məqaləsində Bülövqaya icmasının köçmə maldarlıqla və kiçikmiqyaslı mədənçiliklə məşğul olduğu irəli sürülür.

Regional əlaqələr Bülövqaya keramikasında Şimali Mesopotamiyanın Übeyd ənənələri, Urmiya hövzəsinin yerli keramika xüsusiyyətləri və Şərqi Anadolu ilə paralellər müşahidə olunur.

Bahşaliyev və həmmüəllifləri 2025-ci ildə Amisos jurnalında dərc olunan araşdırmada Bülövqayanın sadə və boyalı keramikasını Übeyd mədəniyyətinin yerli variantı kimi şərh edirlər. Vəli və Elmar Baxşəliyev isə Tempus Pontem jurnalındakı araşdırmada Bülövqayanı yerli mədəni inkişafla uzaq regionlarla qarşılıqlı əlaqələrin birləşdiyi kompleks kimi təqdim edirlər.

Urmiya hövzəsi ilə əlaqələr keramikanın forma və texnologiyasında, Şərqi Anadolu ilə paralellər isə bəzi relyef və basma naxışlarında, eləcə də obsidian xammalının dövriyyəsində izlənir.

Bülövqayada Dalmatəpə mədəniyyəti üçün xarakterik basmanaxışlı və qırmızı astarlı keramikanın aşkar edilməməsi səbəbindən tədqiqatçılar yaşayış yerinin həmin mədəniyyətlə birbaşa eyniləşdirilməsinə ehtiyatla yanaşırlar.

Arxeoloji interpretasiyası AMEA Naxçıvan Bölməsinin 2025-ci il üzrə yekun hesabatında Bülövqayada Dalmatəpə mədəniyyətindən forma və dekorativ motivlərinə görə fərqlənən material kompleksinin müəyyən edildiyi bildirilmiş və bu kompleks "Bülövqaya mədəniyyəti" adı ilə təqdim edilmişdir.

Vəli və Elmar Baxşəliyevin 2026-cı ildə Russian Archaeology jurnalında dərc olunan məqaləsində də Bülövqaya materialları Dalmatəpə mədəniyyətindən fərqlənən, lakin Übeyd mədəniyyətinin təsirini daşıyan yerli mədəni kompleks kimi şərh edilmişdir.

Həmçinin bax Naxçıvantəpə yaşayış yeri I Kültəpə yaşayış yeri (Babək) Uçan ağıl yaşayış yeri Uzunoba yaşayış yeri Ovçular təpəsi

İstinadlar

Ədəbiyyat Baxşəliyev, Vəli; Baxşəliyev, Elmar; Həsənova, Heyran; Məmmədova, Ziniyyət. 2025-ci ildə Bülövqaya yaşayış yerində arxeoloji tədqiqatlar. Naxçıvan: Əcəmi, 2026. 242 s. Bahshaliyev, Veli; Ceylan, Nezahat; Bahshaliyev, Elmar; Hasanova, Heyran; Memmedova, Ziniyet. "Ubeyd Kültürü’nün Güney Kafkasya’ya Yayılımı İle İlişkili Yeni Veriler". TÜBA-AR, 35, 2024, s. 35–50. DOI: 10.22520/tubaar.1568146. Bahshaliyev, Veli; Ceylan, Nezahat; Bakhshaliyev, Elmar; Hasanova, Heyran; Memmedova, Ziniyet. "An Ubaid Settlement in the South Caucasus – Bülövkaya (Nakhchivan, Azerbaijan)". Amisos, 10 (18), 2025, s. 13–32. DOI: 10.48122/amisos.1631186. Bakhshaliyev, Veli; Bakhshaliyev, Elmar. "Relationships Between the South Caucasus and Near East: Archaeological Evidence from Bülövkaya, Nakhchivan, Azerbaijan". Tempus Pontem: Azerbaijan Journal of Archaeology and Anthropology, 1 (2), 2025, s. 9–21. DOI: 10.30546/679523.2.2025.009. Baxşəliyev, Elmar. "Bülövqaya yaşayış yerinin keramikası". AMEA Naxçıvan Bölməsinin Elmi əsərləri, 17 (1), 2021, s. 94–101. Baxşəliyev, Elmar. "Bülövqaya və Ubeyd keramikasının müqayisəli təhlili". AMEA Naxçıvan Bölməsinin Elmi əsərləri, № 1, 2025, s. 100–105. DOI: 10.59849/2218–4783.2025.1.100.

Kateqoriya:Babək rayonunun qədim yaşayış yerləri Kateqoriya:Naxçıvanın arxeologiyası Kateqoriya:Eneolit dövrü abidələri Kateqoriya:Azərbaycandakı arxeoloji abidələr Kateqoriya:Asiyadakı arxeoloji abidələr Kateqoriya:Tarixdən əvvəlki dövrdə Azərbaycan abidələri