Əzimbala Xanbaba oğlu Əzimov () — Azərbaycan pilotu, mühəndis-təyyarəçi, eskadriliya komandiri, "Şöhrət" ordenli (2006).
Ə.Əzimovun uçuş karyerası ərzində topladığı 28.500 uçuş saatı bütün MDB məkanında rekord göstərici hesab olunur. Bu nailiyyətinə görə o, Azərbaycan mülki aviasiyasının "canlı əfsanəsi" adlandırılır.
Həyatı Əzimbala Əzimov 7 sentyabr 1948-ci ildə Bakının Əmircan qəsəbəsində anadan olub.
1969-cu ildə Sasovo Mülki Aviasiya Uçuş Məktəbini bitirən Əzimbala Əzimov əvvəlcə Zabrat aviodəstəsində 2-ci pilot, sonra isə komandir vəzifəsində çalışmışdır. 1974-cü ildə əvvəlcə Bakı Birləşmiş Aviadəstəsində "İl-18" təyyarəsinin 2-ci pilotu, sonra isə komandiri vəzifəsinə təyin olunmuşdur. Qısa müddətdə Ə.Əzimov "TU-154" təyyarəsinin, sonra isə aviaeskadrilyanın komandiri vəzifəsinə irəli çəkilmişdir. O, sovetlər məkanında çətin hava şəraitində uçmaq üçün imtahan verərək 2-ci kateqoriyanı alan ilk azərbaycanlı təyyarəçi olmuşdur. Təhsili və fəaliyyəti Əzimbala Əzimov ilk aviasiya təhsilini Sasovo Mülki Aviasiya Uçuş Məktəbində almış, 1991-ci ildə isə Leninqrad Mülki Aviasiya Akademiyasını (indiki Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti) mühəndis-təyyarəçi ixtisası üzrə bitirmişdir.
Uzunmüddətli uçuş təcrübəsinə malik olan Ə. Əzimov mülki aviasiya sahəsində kadr hazırlığına əhəmiyyətli töhfələr vermişdir. O, Milli Aviasiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olmuş, yüzlərlə gənc pilotun yetişməsində rol oynamışdır. Hal-hazırda onun yetirmələri dünyanın müxtəlif aviaşirkətlərində beynəlxalq uçuşlar həyata keçirirlər.
Təltifləri Əzimbala Əzimov aviasiyanın inkişafındakı xidmətlərinə görə müxtəlif dövlət mükafatlarına layiq görülmüşdür: (2006) "Şöhrət" ordeni — Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təltif edilib. (1972) — "Şərəf nişanı" ordeni. (1981) — III dərəcəli "Əmək şöhrəti" ordeni. (1986) — "Qırmızı əmək bayrağı" ordeni". (1984) — "Əmək veteranı" medalı.
Həmçinin bax "Şöhrət" ordeni ilə təltif edilənlərin siyahısı
İstinadlar
Kateqoriya:Azərbaycan pilotları