Ayxan Ayvaz (tam adı: Həsənov Ayxan Eyvaz oğlu; ) — azərbaycanlı yazıçı və jurnalist.

Həyatı Ayxan Ayvaz 1 aprel 1992-ci ildə Gürcüstanın paytaxtı Tiflis şəhərində anadan olub. Atası, yazıçı Eyvaz Əlləzoğlu 1996–1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində ikinci katib kimi fəaliyyət göstərmişdir. 1998-ci ildə ailə Bakıya gəlir və Ayxan Ayvaz da ilk təhsilini burada alır.

2009-cu ildə Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin rus dili ixtisasına qəbul olunub, 2014-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə atası Eyvaz Əlləzoğlu insultdan dünyasını dəyişib. Həmin il yazıçının anası da vəfat edib.

O illərdə yazıçı bir neçə yerdə aktiv jurnalistika fəaliyyəti ilə məşğul olur. Eyni zamanda ailəni dolandırmaq üçün qarovulçu kimi də çalışır.

2019-cu ilə ailə həyatı qurub. Dilək adlı bir qızı var.

Fəaliyyəti 2008-ci ildə Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin nəzdindəki Gənc Ədiblər Məktəbindəki fəallığına görə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. O, Azərbaycan Yazıçılar Birliyinin ən gənc üzvlərindən biri olmuşdur. 2011-ci ildə Mərkəz qəzetində fəaliyyət göstərib, qəzetin ədəbiyyat səhifəsini aparıb, dövrün tanınmış yazıçılarından müsahibələr alıb, eyni zamanda köşə yazıları ilə çıxış edib. Həmin illərdə Ekspress qəzetində də işləyib, maraqlı yazıları ilə diqqəti cəlb edib.

Daha sonra Publika.az, Teleqraf.com, Qafqazinfo.az saytında aktiv jurnalistika fəaliyyətinə başlayıb, yazdığı yazıları, aldığı müsahibələri ilə jurnalist kimi tanınıb.

2013-cü ildə Azərbaycan Yazıçılar Birliyində demokratik prinsiplərin pozulduğuna və yazıçı Şərif Ağayarın qurumdan çıxarıldığına görə AYB üzvlüyündən imtina edib.

Həmin ili ev növbəsinə yazılan yazıçının bu addımı sensasiya ilə qarşılanıb. Ev növbəsinin şərtlərinə görə təzədən birliyə üzv olmaq məcburiyyətində qalan yazıçı Yeni Müsavat qəzetinə müsahibə verib və Azərbaycan Yazıçılar Birliyindəki ədalətsizlikdən danışıb.

Müsahibədən sonra AYB rəhbərliyi yazıçıya sərt cavablar verib və həmin ili onu Azərbaycan Yazıçılar Birliyinin sıralarından çıxardıblar. O dönəmlərdə işsiz qalan yazıçı sosial şəbəkədə işsizliyi ilə bağlı çağırış edir və bu çağırış ciddi reaksiya doğurur.

APA Holdingin rəhbəri Vüsalə Mahirqızı onu Kulis.az mədəniyyət portalında çalışmağa dəvət edir. Yazar Kulis.az saytında çalışdığı dövrlər daha çox populyarlıq qazanır, yazdığı reportajlara görə böyük rezonans doğurur. Bakı metrosunda baş verən hadisə haqqında (Mingəçevir SES-də baş verən qəzada ölkədə enerji təchizatı dayanmışdı. Həmin vaxtlar Bakı metrosu qəfil fəaliyyətini dayandırmış, sərnişinlər metro tunelində əlacsız qalmışdılar) yazdığı reportaj səs-küy doğurmuş, günlərlə Azərbaycan mediasında, eləcə də sosial şəbəkələrdə trend olmuşdur.

Yazıları və səsləndirdiyi fikirlərə görə bir neçə dəfə gündəmə gəlmiş və söhbət mövzusuna çevrilmişdir. Bir müddət Ədalət qəzetində fəaliyyət göstərib, daha sonra yenidən Kulis.az saytında çalışıb, hazırda da həmin saytla əməkdaşlıq edir.

2018-ci ildə sosial şəbəkələrdə başlamış və tez bir zamanda trendə çevrilmiş Hər yer ədəbiyyat hərəkatının ideya müəllifi və rəhbəri olmuşdur. Bir çox yazıçının da qoşulduğu bu hərəkatın əsas məqsədi Azərbaycanın yerli müəlliflərini tanıtmaq və ölkədəki kitab bazarını dirçəltmək idi.

Yaradıcılığı Çox erkən yaşda Ulduz jurnalında ilk hekayəsi çap olunur. Daha sonra tez-tez Kiçikbəy, sonra isə Ayxan Ayvaz imzası ilə hekayələri Ulduz, Azərbaycan, Alatoran jurnallarında, Proloq, Ədəbiyyat qəzeti, oxuzali.az, Kulis.az, qaynar.info, qafqazinfo.az və başqa qəzet-jurnallarda, sayt və portallarda dərc olunur.

2011-ci ildə çap edilən Mən necə Polat Alemdar oldum komik romanı yazıçının ilk qələm təcrübəsi hesab olunur. Həmin ili ölkənin ən çox satılan kitabları siyahısına düşən roman indi də tez-tez müzakirə edilir.

2017-ci ildə Buri adlı hekayələr kitabı Qanun nəşriyyatı tərəfindən çap olunmuş və ciddi müzakirələrə səbəb olmuşdur. Buri () gürcücə çörək deməkdir. Yazıçı təqdimat günü kitabla bərabər oxuculara bir dilim çörək də verərək maraqlı bir performans sərgiləyib. Kitabın tirajı həmin ili satılıb qurtarıb.

Hekayələri haqqında yazıçı Əlibala Hacızadə, Əkrəm Əylisli, Seyran Səxavət, Səfər Alışarlı, Şərif Ağayar, Mirmehdi Ağaoğlu, Kənan Hacı, Qismət Rüstəmov, Qan Turalı, Mina Rəşid, Orxan Həsəni, Tural Cəfərli, tənqidçi Əsəd Cahangir, Elnarə Akimova, Nərmin Cahangirova və başqa tanınmış qələm adamları yazılar yazıb, fikirlər söyləyib.

Yazıçının hekayələri türk, rus, ingilis, gürcü dillərinə çevrilib, bir çox xarici ölkənin almanaxlarında dərc olunub.

Eyni zamanda yazıçı tərcümə fəaliyyəti ilə də məşğul olub. Onun tərcüməsində məşhur Nobel mükafatlı yazıçı Fransua Moriakın Qurbanlıq quzu romanı və məşhur yəhudi əsilli yazıçı Stefan Sveyqın novellalarından ibarət Bir ürəyin qürubu kitabı çap edilib.

2022-ci ildə "Pəncərəsiz" adlı romanı işıq üzü görüb. Roman qeyri-adi tələbənin intihar niyyətindən, ölkədə intiharların qadağan olunmasından və "İntihara Azadlıq Təşkilatı"nın yaranmasından bəhs edir. Digər nəşriyyatlar intiharı təbliğ ittihamı ilə bu romanın çapından imtina edib.

Təltifləri 2008-ci ildə dövri-mətbuatda çap olunan hekayələrinə görə Mahmud Kaşğari adına diplomla təltif olunub. 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi şeir və hekayə müsabiqəsində nəsr nominasiyasına, 2010-cu ildə Nəsimi Milli Mükafatında hekayəsinə görə ilk üçlükdə yer alıb.

Monoton hekayəsinə görə 2013-cü ildə Azadlıq Radiosunun təşkil etdiyi Ədəbi Azadlıq şeir-hekayə müsabiqəsində üçüncü yerə layiq görülüb. 2016-cı ildə Yaradıcılıq Fondunun təşkil etdiyi Quran motivləri əsasında hekayələr müsabiqəsi"ndə Qaranlıq və işıq hekayəsi mükafat qazanan hekayələrdən olub.

Kitabları thumb|270px|right|Yazıçının 2017-ci ildə Qanun nəşriyyatı tərəfindən çap edilmiş Buri adlı hekayə kitabı. Buri () gürcücə çörək deməkdir. Kitabda yazıçının müxtəlif mövzularda qələmə aldığı 10 hekayə toplanmışdır. Hekayələrdə müasir dövrün reallıqları yumoristik, təsirli şəkildə təsvir olunmuşdur. Bu hekayələr saf insanların düşdüyü qəribə situasiyaları özündə əks etdirir.

Mən necə Polat Alemdar oldum? – (komik roman), Bakı, Qanun nəşriyyatı — 2011. Bir ürəyin qürubu – (tərcümə), Bakı, Apastrof nəşriyyatı — 2013. Buri — (hekayələr), Bakı, Qanun nəşriyyatı — 2017. Mavra, Zəhra və başqaları — (reportaj-hekayələr), Bakı, Mücrü nəşriyyatı — 2020. Pəncərəsiz – (roman), Bakı, Qanun nəşriyyatı — 2022.

Hekayələri Monoton Kökənin dadı Sarı göyərçinlər Evimizdən gecə reportajı

Digər yazıları Bu yazarlardan özünüzü qoruyun Sevdiyimiz və nifrət etdiyimiz Seymur Baycan Atamın üç portreti Bir kafemiz belə yox…

İstinadlar

Xarici keçidlər — Yazılar

Çağdaş dövrün ən tanınmış ədəbi simaları kimlərdi… — Şair, yazıçı və tənqidçilərin cavabları. Ayxan Ayvaz: "Anamı intiharına görə qınamıram" "Çingiz Abdullayev zəif müəllifdir" — Ayxan Ayvaz Ayxan Ayvaz: "Belə insanlar özlərinə yer tapa bilmir" – Müsahibə Gülüş günü dünyaya göz açan və dünyadan gedən azərbaycanlı məşhurlar — siyahı.

— Müsahibələr və çıxışlar

Canlı yayında Nəsimi dartışması: Afət Fərmanqızı ilə gənc yazar Ayxan Ayvaz qarşı-qarşıya (Yeni Müsavat TV) "Hər yer ədəbiyyat" kampaniyasının məqsədi nədir? (Yeni Müsavat TV) Dikdaban 16-cı buraxılışının qonağı Ayxan Ayvaz (İctimai Televiziya və Radio Yayımları Şirkəti) Alik Alioğlu və Ayxan Ayvaz "Yeni səhifə"də — (ARB Şimal) Ayxan Ayvazın "Monoton" hekayəsi (Xəzər TV)