Fatma Vidadi qızı Yıldırım () — Azərbaycan ictimai-siyasi xadimi, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Respublikasının Milli Məclisinin VI və VII çağırış deputatı (2020-ci ildən).
Həyatı Fatma Yıldırım 1974-cü il yanvarın 12-də Bakı şəhərində anadan olub. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetində (BDU) fizika üzrə ali təhsil alıb. Fizika-riyaziyyat üzrə elmlər namizədidir.
Fatma Yıldırım 2012–2016-cı illərdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində insan resursları şöbənin müdir müavini, 2016–2018-ci illərdə isə Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb.
2018-ci ildən o, Dövlət Şəhərsalma və Memarlıq Komitəsində insan resursları şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Ailəsi Fatma Yıldırım ailəlidir, 2 övladı var. Professor Vidadi Yusif oğlu Əliyevin qızıdır.
Siyasi fəaliyyəti 2012-ci ildən çalışdığı qurumlarda Yeni Azərbaycan Partiyasının ərazi üzrə təşkilatlarının sədr müavini olub, eyni müddət ərzində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə sədrlik edib.
Fatma Yıldırım Belçika Krallığında 2003-cü ildə yaradılmış "Avropa Azərbaycanlıları Mərkəzi"nin təsisçisi və rəhbəri olub.
2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 93 saylı Bərdə şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Fatma Yıldırım, 65,70% səslə VI çağırış Milli Məclisin deputatı seçildi. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, habelə Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin sədr müavindir.
Belçika, Çexiya, İsrail, İtaliya, Qazaxıstan, Latviya, Niderland, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri