Rəsul Abakar oğlu Çunayev () — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Rəsul Çunayev 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub.

Rəsul Çunayev həmçinin 2015-ci ildə Birləşmiş Ştatların Las-Veqas şəhərində baş tutan Dünya Çempionatının qalibi olub.

Rəsul Çunayev 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının qızıl medalını qazanıb. Rəsul Çunayev həmçinin 2014 və 2018-ci illərdə Avropa Çempionatının gümüş medallarına sahib oldu. 2013-cü ildə o, Kazan Universiadasının da qalibi olub.

Rəsul Çunayev Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib.

Karyerası ərzində 37 beynəlxalq yarışa qatılan Rəsul Çunayev onların 13-də qızıl medal, 6-da gümüş medal, 12-də isə bürünc medal qazanıb. Rəsul Çunayev həmçinin Dövlət Sərhəd Xidmətinin zabitidir.

Həyatı Rəsul Abakar oğlu Çunayev 1991-ci il yanvarın 7-də Balakən rayonunun Yeni Şərif kəndində anadan olub. Milliyyətcə avardır. 1999–2010-cu illərdə R. Hədisov adına Yeni Şərif kənd tam orta məktəbində təhsil alan Rəsul Çunayev, 2010–2014-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. Daha sonra o, 2016–2020-ci illərdə Bakı Dövlət Universitetində (BDU) təhsil alıb. 2021-ci ildən Azərbaycanın Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır.

Rəsul Çunayev 2014-cü ilin iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən Rayon İdarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldı və o, 2014–2015-ci illərdə Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət etdi.

Dövlət Sərhəd Xidməti (DSX) rəisi Elçin Quliyevin 8 iyul 2015-ci il tarixli əmrinə əsasən Rəsul Çunayevə "Leytenant" hərbi rütbəsi, 18 avqust 2018-ci il tarixli əmrinə əsasən "Baş leytenant" hərbi rütbəsi, 8 iyul 2022-ci il tarixli əmrinə əsasən isə "Kapitan" rütbəsi verildi.

Rəsul Çunayev 2021-ci ildə ailə həyatı qurdu.

Karyerası Rəsul Çunayev beynəlxalq səviyyədə birinci turnirinə 2007-ci ilin iyulunda Trabzon şəhərində baş tutan I Qara dəniz Oyunları çərçivəsində qatıldı. Həmin turnirdə o, birinci görüşündəcə məğlub olaraq mübarizəni dayandırdı.

2008–2010-cu illər: Yeniyetmələr və gənclər arasında Avropa çempionluğu Rəsul Çunayev beynəlxalq səviyyədə birinci nüfuzlu turnirinə 2008-ci ilin 24–30 iyununda Latviyanın Dauqavpils şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında qatıldı. Həmin turnirdə Rəsul Çunayev 1/16 final mərhələsində Niderland nümayəndəsi David Harutunianı 2:0 (6:0, 6:0), 1/8 final mərhələsində Rusiya təmsilçisi Eslyam Sagatbəyovu 2:0 (6:0, 6:0), 1/4 final mərhələsində Rumıniya nümayəndəsi Kristinel Motoini 2:0 (6:0, 7:0, 1/2 final mərhələsində isə Moldova təmsilçisi İqor Besleaganı 2:0 (6:0, 5:0) hesabları ilə məğlub etdi və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə o, Türkiyə nümayəndəsi Yunus Ceylan ilə üz-üzə gəldi. Nəticədə görüşün birinci hissəsində 3:0, növbəti hissəsində isə 6:0 hesabları ilə qalib gələn Rəsul Çunayev, yeniyetmələr arasında Avropa Çempionatının qızıl medalına sahib oldu.

2008-ci ilin sonlarında Rəsul Çunayev Azərbaycan Çempionatında mübarizə apardı və final görüşündə Husaməddin Rəcəbov üzərində qələbə qazanaraq turnirin qalibi oldu.

2008-ci ildə Azərbaycan Çempionatının qalibi olan Rəsul Çunayev, 2009-cu ilin 31 yanvar-1 fevralında Fransanın Kretey şəhərində baş tutan "Cristo Lutte" beynəlxalq turnirində çıxış etdi və bürünc medalın sahibi oldu.

2009-cu ilin 20–22 fevralında Fransanın Klermon-Feran şəhərində yunan-roma güləşi üzrə Dünya Kuboku baş tutdu. Azərbaycan güləşçiləri qrup mərhələsində Rusiya, Ermənistan və Macarıstan yığmaları ilə mübarizə apardı. Birinci görüşdə Azərbaycan yığması Rusiya güləşçiləri ilə üz-üzə gəldi və 1:6 hesabı ilə məğlub oldu. Daha sonra Azərbaycan güləşçiləri Ermənistan yığmasına 3:4 hesabı ilə məğlub oldu. Qrup mərhələsinin sonuncu görüşündə isə Azərbaycan yığması Macarıstan güləşçiləri ilə üz-üzə gəldi və bu səfərdə rəqibinə 3:4 hesabı ilə məğlub oldu. Bununla da Azərbaycan yığması qrup mərhələsini dördüncü pillədə başa vurdu.

Rəsul Çunayev növbəti turnirinə İstanbul şəhərində baş tutan "Cumhuriyet Kupası" beynəlxalq turnirində mübarizə apardı. Həmin turnirdə o, bütünc rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.

2009-cu ilin sonlarında isə Rəsul Çunayev şəhər çempionatının qızıl medalına sahib oldu.

Rəsul Çunayev 2010-cu ildə birinci uğuruna yanvarda Zaporojya şəhərində baş tutan gənclər arasında beynəlxalq turnirdə bürünc medala sahib olmaqla imza atdı.

İyunda isə Rəsul Çunayev Bolqarıstanda baş tutan gənclər arasında Avropa Çempionatında mübarizə apardı. Çempionatın final görüşündə o, Gürcüstan təmsilçisi Saçino Davitaia üzərində qələbə qazanaraq turnirin qalibi oldu.

Bir ay sonra isə Macarıstanın Budapeşt şəhərinin ev sahibliyində gənclər arasında Dünya Çempionatı baş tutdu. Həmin turnirdə Rəsul Çunayev əvvəlcə 1/16 final mərhələsində Qırğızıstan nümayəndəsi Arseni Fufaçevi 2:0, sonra isə 1/8 final mərhələsində Ukrayna təmsilçisi Alan Dzaxayevi 2:1 hesabları ilə məğlub etdi və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə o, Ermənistan nümayəndəsi Gevorg Sahahyan ilə üz-üzə gəldi. Həmin görüşdə Rəsul Çunayev rəqibinə 2:0 hesabı ilə qalib gəldi və yarım-final mərhələsinə adladı. Finala gedən yolda o, Xorvatiya təmsilçisi Domini Etlinger ilə qarşılaşdı. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rəsul Çunayev rəqibinə 1:2 hesabı ilə məğlub oldu. Bununla da o, mübarizəni bürünc medal uğrunda görüşdə davam etdi. Həlledici görüşdə Rəsul Çunayev Misir nümayəndəsi İbrahim Nasser üzərində 2:0 hesabı ilə qələbə qazandı və gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu.

Rəsul Çunayev növbəti uğuruna İtaliyanın Turin şəhərində baş tutan tələbələr arasında Dünya Çempionatında imza atdı. O, final görüşündə Macarıstan nümayəndəsi Balint Korpasi üzərində qələbə qazandı və turnirin qalibi oldu.

2011–2013-cü illər: Kazan Universiadasında qızıl medal Rəsul Çunayev 2011-ci ildə birinci uğurunu apreldə gənclər arasında "Azerbaijan Wrestling Federation Cup" beynəlxalq turnirində qazandı. Rəsul Çunayev bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.

İyunda isə o, mövsümdə birinci nüfuzlu turnirinə qatıldı. Rəsul Çunayev 20–26 iyunda Serbiyanın Zrenyanin şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında mübarizə apardı. 2010-cu ildə Bolqarıstanda analoji turnirin qalibi olan Rəsul Çunayev, bu səfər bürünc medalın sahibi oldu. O, həlledici görüşdə Rusiya nümayəndəsi Məhəmməd Çuxalovdan üstün oldu — 2:0 (1:0, 2:1).

Bir ay sonra isə Rumıniyanın Buxarest şəhərinin ev sahibliyində gənclər arasında Dünya Çempionatı baş tutdu. Həmin turnirdə Rəsul Çunayev əvvəlcə 1/16 final mərhələsində Özbəkistan nümayəndəsi Sərdar Qaryağdıyevi 2:0, sonra isə 1/8 final mərhələsində Ukrayna təmsilçisi Dimitri Pinhovu 2:0 hesabları ilə məğlub etdi və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə o, Rusiya nümayəndəsi Çingiz Labazanov ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rəsul Çunayev rəqibinə 1:2 hesabı ilə məğlub oldu. Rəqibi turnirin final görüşünə vəsiqə qazandıqından Rəsul Çunayev, təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupun birinci görüşündə o, Cənubi Koreya təmsilçisi Yon-Ta Yuya 2:0 hesabı ilə qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Həlledici görüşdə isə Rəsul Çunayev Belarus nümayəndəsi Yaroslav Kardaş üzərində 2:0 hesabı ilə qələbə qazandı və gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu.

Daha sonra Rəsul Çunayev 10–14 noyabrda Rusiyada baş tutan Komandalararası "Alrosa Cup" beynəlxalq turnirində mübarizə apardı. Turnirin nəticələrinə əsasən Azərbaycan yığması final görüşündə Rusiya güləşçilərinə 0:7 hesabı ilə məğlub oldu və turnirin gümüş medallarına sahib oldu.

Rəsul Çunayev 2012-ci ildə birinci turnirinə 28–30 yanvarda İstanbul şəhərində baş tutan Vehbi Emrenin xatirəsinə həsr olunan beynəlxalq turnirdə qatıldı və turniri 8-ci pillədə başa vurdu.

20–22 apreldə Bolqarıstanın Sofiya şəhərində Avropa Olimpiya Təsnifat Turniri baş tutdu. Yunan-roma güləşi üzrə Azərbaycan yığmasının məşqçiləri turnirdə mübarizə aparacaq yığmanın heyətini formalaşdıran zaman, Rəsul Çunayev və Vitali Rəhimov arasında seçim eləməli oldu. Yığmanın məşqçiləri son Olimpiadanın bürünc medalçı və təcrübəli olduğunu nəzərə alaraq, təsifat turnirində Azərbaycanı Vitali Rəhimovun təmsil eləməsini məqbul hesab etdi. Amma o, ona göstərilən etimadı doğrulda bilmədi.

26–30 apreldə isə Çinin Taiyuan şəhərində Dünya Olimpiya Təsnifat Turniri baş tutdu. Azərbaycan yığmasının məşqçiləri bu səfər Rəsul Çunayevə etimad göstərdi, amma o da etimadı doğrulda bilmədi. Rəsul Çunayev birinci görüşdəcə Macarıstan nümayəndəsi Tomas Lorinczə 1:2 (5:0, 0:1, 0:4) hesabı ilə məğlub oldu.

Rəsul Çunayev növbəti turnirinə yunan-roma güləşi üzrə Dünya Kuboku çərçivəsində qatıldı. Azərbaycan yığması "B" qrupunda Belarus, Bolqarısan, İran və Rusiya yığmaları ilə birgə mübarizə apardı. Azərbaycan güləşçiləri birinci görüşdə İran yığması ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Azərbaycan yığması rəqibinə 3:4 hesabı ilə məğlub oldu. Komandanın heyətində Rəsul Çunayev Səid Abdvəliyə məğlub oldu. Azərbaycan güləşçiləri növbəti görüşdə Rusiya yığması ilə qarşılaşdı. Həmin görüşdə Azərbaycan yığması rəqibi üzərində 4:3 hesabı ilə qələbə qazandı. Yığmanın məşqçiləri bu görüşdə Rəsul Çunayevi Rüstəm Əliyevlə əvəzlədi. Üçüncü görüşdə Azərbaycan yığması Bolqarıstan güləşçiləri ilə üz-üzə gəldi və rəqibinə 5:2 hesabı ilə qalib gəldi. Komandanın heyətində Rəsul Çunayev Plamen Petrov üzərində qələbə qazandı və qələbədə pay sahibi oldu. Qrup mərhələsinin sonuncu görüşündə Azərbaycan güləşçiləri Belarus yığması ilə qarşılaşdı. Həmin görüşdə Azərbaycan yığması rəqibi üzərində 5:2 hesabı ilə qələbə qazandı və qrup mərhələsini 2-ci pillədə tamamladı. Həmin nəticələrə əsasən Azərbaycan güləşçiləri mübarizəni bürünc medal uğrunda görüşdə davam etdi. Həlledici görüşdə Azərbaycan yığması Cənubi Koreya güləşçiləri ilə üz-üzə gəldi və rəqibinə 2:5 hesabı ilə məğlub oldu. Bununla da Azərbaycan yığması turniri dördüncü pillədə başa vurdu. Komandanın heyətində Rəsul Çunayev üç görüşdə mübarizə apardı və sadəcə birində qələbə qazandı.

Sentyabrda isə Rəsul Çunayev növbəti uğuruna imza atdı. Rəsul Çunayev Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə bürünc medalın sahibi oldu.

Daha sonra Rəsul Çunayev 8–11 noyabrda Rusiyada baş tutan Komandalararası "Alrosa Cup" beynəlxalq turnirində mübarizə apardı. Qrup mərhələsində Azərbaycan güləşçiləri Ukrayna yığması üzərində 4:3, Ermənistan yığması üzərində isə 6:1 hesabları ilə qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Azərbaycan yığması Rusiya güləşçiləri ilə üz-üzə gəldi və rəqibinə 0:7 hesabı ilə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.

2012-ci ilin sonlarında Rəsul Çunayev Azərbaycan Çempionatında çıxış etdi və turnirin bürünc medalını qazandı.

Rəsul Çunayev 2013-cü ildə birinci turnirinə fevralda İstanbul şəhərində baş tutan Vehbi Emrenin xatirəsinə həsr olunan beynəlxalq turnirdə qatıldı. Turnirin final görüşündə o, İran nümayəndəsi Məhəmməd Kərimi üzərində qələbə qazanaraq turnirin qalibi oldu.

thumb|342x342px|alt=|Azərbaycan Prezidenti İlham Əliyev XXVII Universiada Oyunlarının qaliblərini və medalçılarını qəbul edən zaman. (24 iyul 2013-cü il)|left