Leta Stetter Hollinqvort () — amerikalı psixoloq. Xüsusilə intellekt əmsalı və istedadlı uşaqlar üzərində gördüyü işlərlə tanınır. İstedadlı uşaqlarla yanaşı, klinik psixologiya, təhsil psixologiyası və qadın psixologiyası sahələrində araşdırmalar aparmışdır. Eyni zamanda qadınlarla bağlı stereotiplərin aradan qaldırılmasına mühüm töhfələr vermişdir.

Həyatı L. S. Hollinqvort 1886-cı ildə Nebraskada anadan olmuşdur. Anasının erkən ölümü və atasının evi tərk etməsi səbəbindən çətin uşaqlıq dövrü keçirmişdir. 15 yaşında yerli qəzetlərdə məqalələr dərc etməyə başlamışdır. 1902-ci ildə orta məktəbi bitirdikdən sonra Nebraska Universitetində ədəbiyyat təhsili almışdır. Bu vaxt psixologiya aspirantı olan Harri Levi Hollinqvort ilə nişanlanmışdır. Nişanlısı doktorluq təhsili almaq üçün Kolumbiya Universitetinə getmiş və Ceyms Makkin Kettellin tələbəsi olmuşdur. L. S. Hollinqvort bir müddət Nebraskada qalmış və 1906-cı ildə təhsilini böyük uğurla başa vurmuşdur.

1908-ci ildə nişanlısı doktorluq dərəcəsini aldıqdan sonra Nyu-Yorka gedərək ailə həyatı qurmuşdur. Lakin evli qadınların orada dərs verməsinə icazə verilmədiyini öyrənmişdir. Evdar qadın kimi yaşayan L. S. Hollinqvort ali təhsil almaq istəsə də, cinsi ayrı-seçkilik səbəbilə bu istəyini həyata keçirə bilməmişdir. O, qadınların cəmiyyətdəki yeri və məruz qaldıqları bərabərsizliklər barədə mühakimələr yürütməyə başlamışdır. Bu vaxt həyat yoldaşı Harri Levi Hollinqvort "Coca-Cola" şirkətindən kofeinin insanlara psixoloji təsirini araşdırmaq üçün təklif almışdır. Bu işdən əldə etdikləri gəlir sayəsində Hollinqvort 1911-ci ildə Kolumbiya Universitetində ali təhsil almağa başlamışdır. O, burada pedaqogika və sosiologiya dərsləri almışdır.

1913-cü ildə ali təhsilini bitirərək Binet zəka testləri üzərində tədqiqatlara başlamışdır. Qısa müddət ərzində bu sahədə irəliləmiş və Bellevue Xəstəxanasında psixologiya laboratoriyasının müdiri olmuşdur. Akademik karyerasını təhsil psixologiyası sahəsində tanınmış psixoloq Edvard Torndaykın tələbəsi kimi davam etdirmişdir. Doktorantura təhsilini aldığı müddətdə eyni zamanda Nyu-York polis idarəsində məsləhətçi kimi fəaliyyət göstərmişdir.

Doktoranturada oxuduğu dövrdə tədqiqat istiqamətini qadın problemlərinə yönəltmişdi. Edvard Torndayk kişilərin qadınlara nisbətən daha geniş və fərqli fiziki, həmçinin əqli inkişafa malik olduqlarını, bu səbəbdən də qadınların qabiliyyətlərinin daha çox orta səviyyədə cəmləndiyini iddia edən dəyişkənlik fərziyyəsini müdafiə edirdi. L. S. Hollinqvort isə bu fərqliliklərin fitri deyil, sosial bərabərsizliklərdən qaynaqlandığını irəli sürürdü. O, bu məsələni araşdırmaq üçün hər iki cinsdən bərabər sayda körpə üzərində toplanan məlumatları müqayisə etdi və kişilərin anatomik xüsusiyyətlərində dəyişkənliyin qadınlardan daha çox olmadığını aşkar etdi. Hollinqvort namizədlik dissertasiyasını menstruasiya dövründə olan qadınların fəaliyyət dəyişikliyi mövzusunda müdafiə edib. O, qadınların zehni və fiziki fəaliyyətindəki dəyişikliklərin menstrual dövrün fazaları ilə əlaqəli olmadığını aşkar edib. Hollinqvortun fikrinə görə, qadınların niyə daha az müvəffəq olduğunu anlamaq üçün sosial sərhədlər və mədəni maneələr araşdırılmalıdır.Modern psikoloji tarihi, Duane P. Schultz, Sydney Ellen Schultz

1916-cı ildə doktorluq dərəcəsini aldıqdan sonra Kolumbiya Universitetində müəllim kimi fəaliyyətə başladı və ömrünün sonuna qədər orada işləməyə davam etdi. Müəllimliklə yanaşı, Bellevue Xəstəxanasında klinik tədqiqatlar da aparırdı. O, klinik psixologiyanın etik rəhbərinin və bu sahədə təhsilin verilməsi üçün universal standartların müəyyənləşdirilməsində iştirak etmişdir.

L. S. Hollinqvort 1920-ci illərdə istedadlı uşaqlarla bağlı tədqiqatlar aparırdı. O, insanların idraki baxımdan bərabər olmadığını və buna görə də bütün uşaqların eyni təhsil formasına yiyələnməsinə qarşı çıxırdı. Hollinqvort məktəblərin eyni üsulla qruplaşdırılmış sinif otaqlarında zənginləşdirilmiş və fərqləndirilmiş tədris planlarının tətbiq olunduğu, eyni zamanda sürətləndirilmiş təhsil imkanlarının təmin edildiyi bir mühit olması fikrini müdafiə edirdi. İstedadlı uşaqlara xüsusi kurikulum tətbiq etmək fikri qeyri-demokratik hesab edildiyi üçün o, tənqid olunurdu.

L. S. Hollinqvort daha sonra IQ səviyyəsi 180-dən çox olan uşaqlar üzərində tədqiqatlara başlamış və bu uşaqlarla işləyən ilk tədqiqatçılardan biri kimi qəbul olunmuşdur. O, 27 noyabr 1939-cu ildə xərçəng xəstəliyindən vəfat etmişdir. L. S. Hollinqvortun sonuncu əsəri isə 1942-ci ildə həyat yoldaşı tərəfindən nəşr edilmişdir.

Həmçinin bax Ceyms Makkin Kettell Klinik psixologiya

İstinadlar

Kateqoriya:Qadın alimlər Kateqoriya:Psixologiya Kateqoriya:Nebraskada doğulanlar Kateqoriya:1939-cu ildə vəfat edənlər Kateqoriya:1886-cı ildə doğulanlar