Böyük Karl (; ) — frank kralı (768–800), imperator (800–814), Karolinqlər sülaləsinin banisi. Gödək Pipinin ölümündən sonra (768) Frank dövlətinin bir hissəsini idarə edirdi. Lanqobardlar, sakslar, ərəblər, qərb slavyanları və başqaları ilə apardığı müharibələr nəticəsində böyük imperiya yaratmışdı. Böyük Karl imperiyada hakimiyyətinin mərkəzləşməsinə çalışır, Katolik Kilsəsini kral hakimiyyətinin dayağı hesab edirdi. Böyük Karlın müxtəlif tayfa və xalqları birləşdirməklə yaratdığı imperiya onun ölümündən sonra parçalandı. Böyük Karlın dövründə mədəniyyət sahəsində yüksəliş müşahidə edilirdi.
Hakimiyyətə gəlməsi Frank dövlətinin ən qüdrətli çağı Gödək Pipinin oğlu Böyük Karlın hakimiyyəti dövrünə (768–814) düşür. Ucaboy və qüvvətli olduğuna görə müasirləri ona Böyük ləqəbi vermişdilər. Onun qaynar, tükənməz enerjisi, dövlət idarəçiliyinin bütün incəliklərinə, inzibati, təsərrüfat, hərbi, diplomatik işlərə, maarif işlərinə və digər işlərə nüfuz etmək qabiliyyəti müasirlərini heyrətə salırdı. Müasirlərinin təsvir etdiyinə görə Böyük Karl çox uca boylu, möhkəm bədənli adam idi. O, öz dövrü üçün kifayət qədər elmli adam idi. Ədəbiyyat və poeziya ilə, o cümlədən antik ədəbiyyatla maraqlanırdı, astronomoiyaya böyük marağı vardı, latın və yunan dillərini bilirdi. Lakin yazmağı ömrünün sonuna qədər öyrənmədi.
Hələ Roma Papası lombardlara qarşı kömək barədə xahiş üçün Frank krallığına gələndə Papanı salamlamaq üçün onu qarşılamağa yollanmış 12 yaşlı Karl papa II (III) Stefan tərəfindən 28 iyul 754 ildə Sen-Deni abbatlıq kilsəsində hakimiyyətin varislərə maneəsiz ötürülməsini təmin etmək üçün atası və əmisi kimi Karloman adını daşıyan qardaşı ilə birlikdə kral kimi taclandırılmışdı.
Gödək Pipinin 768-ci ildə ölümündən sonra frank adətinə müvafiq olaraq krallıq onun iki oğlu arasında bölündü. Avstraziya və Neystrinin böyük bir hissəsini əhatə edən Akvitaniyadan Türinqə qədər aypara formasınd geniş bir ərazi Karlın, Friziyadan Frankoniyaya qədər olan bütün ərazilər Karlomana məxsus idi. Karlın iqamətgahı Nuayon şəhəri idi.
Qardaşlar arasında rəqabət başlandı və anasının köməyi ilə Karl Lombardiya kralı Deziderinin qızına evlənməklə, onunla və özünün əmisi oğlu olan Bavariya hersoqu III Tassilon ilə birlikdə Karlomana qarşı yönəlmiş ittifaq bağladı. Üç il sonra 771-ci ilin dekabrında Karloman qəflətən öldükdə Karl özünü krallığın yeganə hökmdarı elan etdi. Bu vaxt Karl özünü o qədər də mərhəmətli aparmadı. Karlomanın dul qadını Herberqa öz uşaqları (oğlu Pipin) və az sayda tərəfdarları ilə birlikdə Lombardiya sarayına qaçdı. Kral Dezideri Karlla ittifaqını pozudu, çünki qızı da artıq ondan boşanmışdı, və 772-ci ildə o, Papaya təzyiq göstərdi ki, Karlomanın oğlu Pipini frank kralları kimi təltif etsin. Bu vaxt Papa I Adrian Böyük Karldan kömək istədi. Böyük Karl 773-cü ilin sentiyabrında güclü frank dəstələri ilə Alp dağlarını keçərək İtaliyaya yollandı. Lanqobardlar bütün yolları və keçidləri tutmuşdu. Lakin Karl öz qoşunları ilə birgə gizli yollarla arxadan düşmənə soxuldu, lanqobard ordusu Karlın qəfl meydana çıxmasından təşvişə düşdü. Bunu görən Lanqobard kralı Deziderinin oğlu Adelxiz qaçmağa məcbur oldu. Mühasirədən ehtiyatlanan Dezideri tutduğu keçitləri tərk edərək paytaxt Paviyaya çəkildi. Oğlu Adelxiz və Karlomanın dul qadını uşaqları ilə birlikdə İtaliyanın şimal-şərqində yerləşən Veron şəhərinə sığındılar. Farnk döyüşçüləri döşməni təqib edərək Lanqobardların bir sıra şəhərlərini tutdular. Nəhayət 774-cü ildə Karl paytaxt Paviyaya hücum edib qısa mühasirədən sonra oranı tutaraq özünü lanqobardların da kralı elan etdi. Bu vaxt onun qardaşı oğlanları da ələ keçdi. Paviyanın mühasirəsi hələ davam edərkən Karl Romaya gəldi, papa I Adrian Karla təntənəli qarşılanma mərasimi hazırlamışdı. Karl Müqəddəs Pyotr məbədinin pillələrini öpərək böyük etiramla papanın əllərinə yaxınlaşdı. Karl 774-cü il Pasxasını Papa ilə birlikdə bayram etdi, Müqəddəs Pyotr kilsəsində İtaliyanın böyük hissəsini Papanın hakimiyyətinə vermək barədə atasının vədini təkrar etdi (lakin verilən bu vədlər sonralar yerinə yetirilmədi). İyunun əvvəllərində mühasirəyə davam gətirməyən Dezideri Paviyadan çıxaraq Karlın qələbəsi ilə razılaşmalı oldu. Beləliklə Böyük Karl Lanqobard krallığı üzərində öz suverenliyini qurdu, Qalliya və İtaliyanı bir dövlətdə birləşdirdi.
Böyük Karl 776-cı ildə I Adriandan aldığı məktuba əsasən yenidən İtaliyaya gəlməli oldu. Bu zaman Benevento hersoqu II Arexis, Spoleto hersoqu Hildeprand və Friulya hersoqu Rotqaud bizanslılarla ittifaq bağlayaraq Deziderinin oğlu Adelxizi taxta çıxarmaq istəyirdilər. Karl yubanmadan ordu toplayaraq İtaliyaya yollandı.
Lakin, papanın bu ittihamları yalnız Friulya hersoq Rotqaudla əlaqəli idi, hansı ki, o da, Karla qarşı mübarizədə ciddi müqavimət göstərməyib, ilk döyüşlərdə həlak oldu. Tezliklə Lanqobard zadəganlarının üsyanları yatırıldı, torpaq və əmlakını itirən üsyançıların bir çoxu Frank dövlətinin digər bölgələrinə köçürüldü .
Xarici siyasəti
Sakslarla müharibə Böyük Karlın zamanında uzun sürən müharibələrdən (772–804-cü illərdə) sonra Saksoniya işğal olundu və Frank dövlətinə birləşdirildi. Alman tayfaları olan sakslar franklardan şimal-şərqdə, Reyn və Elba çayları arasındakı ərazidə yaşayırdılar. Almaniyada yaşayan demək olar ki, bütün xalqlar kimi sakslar çox döyüşkən olduqlarından bu müharibə daha qızğın və daha çox itkilərlə getdi. Sakslar ilahi və insan hüquqlarını təhqir edir, tez-tez sülhü pozurdular, sərhədlər isə franklarla onları qonşu etmişdi, çox az yerlərdə dağ silsilələrindən və geniş meşələrdən ibarət təbii maneələr var idi. Nəhayət, saksların dözülməz basqınları 772-ci ildə açıq müharibəyə çevrildi. Karl sakslara qaşı 8 dəfə yürüş etmişdi. Açıq vuruşmalarda güclü atlı qoşunu və yaxşı silahları olan franklar qalib gəlirdilər. Lakin frank qoşunu çəkilib gedən kimi sakslar üsyan edir, yadellilər tərəfindən salınmış qalaları yandırır və dağıdırdılar.
775-ci ildə Karl böyük ordu ilə saksların dərinliklərinə girərək ostfalların torpaqlarını tutdular, Oker çayı boyunca çoxlu əsirlər tutaraq Ersburq və Siqiburqda güclü qarnizonlar yaratdı. Növbəti ilin yazında qarşılıqlı cavab olaraq Ersburq sakslar tərəfindən tutuldu. Bu vəziyyətdə Karl öz taktikasını dəyişərək saksların hücumlarının qarşısını almaq məqsədilə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün imperiyanın sərhədləri boyu möhkəmləndirilmiş xüsusi sərhəd məntəqələri — markalar yaratmağı qərara aldı. Markaları markqraflar idarə edirdilər.
776-cı ildə yenidən Ersburq və Siqiburq gücləndirildi, Karlsburqda yeni qala tikdirdi və sərhəd ərazilərdə dinsiz saksların xristian dininə meyil etməsi üçün keşişləri yerləşdirdi ki, bu da, tezliklə müsbət nəticə verdi.
Böyük Karl saksları itaətə gətirmək üçün onlara zorla xristianlığı qəbul etdirdi. Amansız qanunlar qoydu: krala kiçicik itaətsizlik göstərənə və xristian dinindən dönənə ölüm cəzası verilirdi. Karl saks əyanlarına bolluca torpaq bağışlayaraq, onları öz tərəfinə çəkdi. Onların xəyanəti saksları itaət altına salmaqda Karla kömək etdi. Frank əyanları, yepiskoplar və monastırlar işğal olunmuş ölkədə geniş torpaqlar ələ keçirib azad icma üzvləri olan saksları təhkimli halına salmağa başladılar. Franklarla sakslar arasında müharibənin inadlı xarakter daşıması – frank istilası frilinqlərin əsas kütləsi üçün torpaqlarının və azadlıqlarının itirilməsi demək idi. Saksoniya əyanları əvvəlcə xalq kütlələrinin franklara və onların yeritdiyi xristianlaşdırmaya qarşı müqavimətlərini müdafiə etdilər. Lakin artıq 777-ci ildən başlayaraq Paderborn yığıncağından sonra sakson edelinqləri Böyük Karlın hakimiyyətini qəbul etməyə başladılar. Bu vaxtdan saksların frank istilasına qarşı müqaviməti tədricən inkişaf edərək xalq kütlələrinin təkcə frank istilaçılarına qarşı deyil, eyni zamanda feodallaşmaqda olan sakson əyanlarına da qarşı mübarizəsinə çevrildi. Mübarizənin gedişində sakslar, adətən Saksoniyanın istiqlaliyyət rəmzi kimi bütpərəsliyi bərpa edirdilər.
Ronseval döyüşü 777-ci ildə Karl ondan Kordovanın əmiri Abd ər-Rəhmana qarşı mübarizədə kömək haqqında xahiş etməyə gəlmiş Saraqosun müsəlman hakimini qəbul etdi. Onlar müstəqillik olmaq istəyirdilər. Karl sakslarla qızğın müharibə getdiyi bir vaxtda, 778-ci ildə böyük qüvvə ilə İspaniyaya yollandı. Doğrudur, onun İspaniyaya birinci yürüşü uğursuz oldu: Saraqosaya qədər gəlib çatan franklar burada müttəfiqləri tərəfindən xəyanətə uğradılar. Bu zaman franklar Vaskoniya üzərinə yeridilər və baskların qəzəbinə səbəb olan xristian Pamplonasını işğal edərək dağıtdılar. Qeyd edək ki, Karlın ordusu iki hissəyə bölünmüşdü: biri şərqə (Kataloniya), digəri isə qərbə (Bask ölkəsinə) getdi. Birinci ordunun komandanlığını Karl özü şəxsən aparırdı. O, Vaskoniya hersoqluğunu müvəffəqiyyətlə keçdi və Pamplonada dayandı. Eyni zamanda, ikinci ordunun komandanı Qaskon hersoqu (ərəb mənbələrinə əsasən Hüseyn ibn Yəhya əl-Asnari) Saraqosanı işğal etmişdi. Geriyə dönən frank ordusu baskların basqınlarına məruz qaldılar. Yerin dağlıq olması hər bir nöqteyi-nəzərdən basklar üçün daha əlverişli idi. Bu səbəbdən basklar qayaların zirvələrində pusqular quraraq hərəkət edən dəstələrə hücum edərək hamını qətlə yetirirdilər. Karlın sərkərdələrindən biri Roland baskların gözlənilməz hücumu nəticəsində frank qoşunlarının arxa dəstələri ilə birlikdə Ronseval dərəsində həlak oldu. Bu uğursuz səfər sonralar məşhur fransız orta əsr cəngavər eposu "Roland haqqında nəğmə" üçün süjet əsası oldu. Ən pisi də o idi ki, xain düşməndən qisas almaq mümkün olmurdu, onlar xırda zərbələr vurub gizlənirdilər. Bu əsl fəlakət idi. Bu məğlubiyyət franklara böyük ümüdlər bəsləyən qot xristianlarının İspaniyada təlaşına səbəb olmuşdu, onların əksəriyyəti islam hegamoniyasından Frank dövlətinə sığınırdılar.
Vidukindin başçılığı ilə sakslarla yenidən müharibə Geri dönüşündə Karlı daha bir xoşagəlməz hadisə gözləyirdi: sakslarla-vestfallar Vidukind adlı sərkərdənin ətrafına toplaşaraq yenidən müharibəyə başladılar. Onlar 778-ci ildə Reyn üzərindən sərhədi keçərək çayın sağ sahili boyunca yuxarı, Koblensə qədər yol boyu hər yeri yandırır, qarət edirdilər. Yalnız bir dəfə frank dəstəsi Leysada sakslara çataraq onların aryerqardasına əhəmiyyətsiz zərbə vura bildi. 779-cu ildə Karl Saksoniyaya soxularaq demək olar ki, heç yerdə müqavimətlə rastlaşmadan bütün ölkəni tutdu. Sakslar yenə əvvəl olduğu kimi girov və sədaqət andı ilə kralın düşərgəsinə gəlsələr də Karl artıq əvvəlki kimi onları sülhsevər andlarına inanmırdı. Xaçlandıqdan və ittifaq müqaviləsi imzalandıqdan sonra bu xalqın müqaviməti Karlın gözündə ən ağır siyasi xəyanət və dini dönüklük kimi görünürdü . 780-ci ildə baş tutmuş yürüş Karl tərəfindən daha çox diqqətlə hazırlanmışdı. Karl öz ordusu və ruhanilərin köməyi ilə sakslarla-slavyanlar arasında sərhəd olan Elba çayına qədər irəliləməyi bacardı. Karlın strateji məqsədi bütovlükdə Saksoniyanı xristianlaşdıraraq onu fəth etmək idi. Bu işdə ona yeni dinin aktiv nümayəndəsi olan anqlosaks Villeqad çox kömək etdi. Karl bütün Saksoniyanı inzibati dairələrə bölərək qraflar təyin etdi. 782-ci ildə Karl yenidən Saksoniya məsələsinə qayıtmalı oldu. Saksoniyanın və Türingiyanın sərhəd bölgələrinə hücum etmiş slavyan-sorb birliklərinin qarşısını almaq üçün Karl tərkibinə ona sadiq saksların da daxil olduğu qoşun göndərdi. Bu zaman Vidukind Danimarkadan qayıtdı. Bütün ölkə dərhal üsyana qalxdı qalxdı, Karlın planları puç oldu. Yeni dini qəbul etmiş bir çox frank və sakslı öldürüldü, xristian məbədləri dağıdıldı. Sorblara qarşı göndərilmiş qoşun Vezera çayı sahillərində pusquya düşdü, Zyuntel dağında döyüşdə qiyamçılar tərəfindən tamamilə məhv edildi. Eyni zamanda Karla qarşı narazılıq Friziyada da gücləndi.
Akvitaniyada hərbi əməliyyatlar