Kamal Xaqani oğlu Cəfərov () — Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı, YAP İdarə Heyətinin üzvü, Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri, Süni intellekt idarəetməsi üzrə mütəxəssis

Həyatı Kamal Cəfərov 1989-cu il 15 dekabr tarixində Bakı şəhərində anadan olub. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, 2011-2012-ci illərdə Böyük Britaniyanın London Kral Kollecində (King's College London) Beynəlxalq vergi hüququ üzrə magistr pilləsini və 2014-2016-ci illərdə mərkəzi Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının "Antikorrupsiya elmləri üzrə" magistr proqramını fərqlənmə ilə bitirib.

K.Сəfərov Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyasının (ACAMS) müvafiq imtahanını keçərərək çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq ekspert sertifikatına layiq görülmüşdür.

Amerika Birləşmiş Ştatlarının Mərkəzi Texas Kollecində "Amerika hüquq sisteminə giriş" proqramını bitirib.

İngilis, fransız və rus dillərini bilir.

2013–2014-cü illərdə hərbi xidmət keçib. Evlidir, iki övladı var.

Fəaliyyəti Dövlət qulluğu 2012–2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) hüquq şöbəsində məsləhətçi vəzifələrində işləyib.

2014–2016-cı illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin böyük məsləhətçisi və Komissiya yanında Qanunvericiliyin təkmilləşdirilməsi üzrə İşçi Qrupun katibi işləyib.

2016–2020-ci illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyin Rəisi vəzifəsində çalışıb.

Milli Məclis 2020-ci il 9 fevral tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputat seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi olaraq 63 saylı Sabirabad 1-ci Seçki Dairəsindən və Azərbaycan Milli Məclisinin 1 sentyabr 2024-cü ildə növbədənkənar keçirilmiş seçkilərində 68 saylı Sabirabad - Şirvan Seçki Dairəsindən deputat seçilmişdir.

Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrin üzvüdür.

2020-ci ildən Azərbaycan - Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Bundan əlavə, o, Milli Məclisin İntizam Komissiyasının katibi və komissiyanın fəaliyyətini gücləndirmək üçün yaradılan İşçi Qrupun rəhbəridir.

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində YAP tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilib.

Beynəlxalq fəaliyyət

Avropa Şurası Kamal Cəfərov Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədrinin müavinidir. Kamal Cəfərov 2022-2023-cü illərdə AŞPA-nın İnsan hüquqları Komitəsinin sədri və Avropa İnsan Hüquqları Məhkəməsinə Hakimlərin Seçki Komitəsinin üzvü olmuşdur.

2015–2020-ci illərdə Avropa Şurasının Şərq tərəfdaşlığı proqramı çərçivəsində "Yaxşı idarəçilik və korrupsiyaya qarşı Mübarizə" layihəsinin Milli koordinatoru olub. 2017–2020-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlə Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edib. Kamal Cəfərov QREKO tərəfindən ölkəmizə verilən tövsiyələrin icrası, anti-korrupsiya qanunvericiliyinin təkmilləşdirilməsində fəal iştirak etmiş, eyni zamanda bir sıra ölkələrin qiymətləndirmələrində iştirak etmişdir.

Birləşmiş Millətlər Təşkilatı Kamal Cəfərov 2015–2020-ci illərdə BMT-nin "Korrupsiya əleyhinə Konvesiyası"nın icrası üzrə Milli əlaqələndiricisi olub. Birləşmiş Millətlər Təşkilatının Korrupsiya Əleyhinə Konvensiyasının ölkəmiz tərəfindən 2-ci monitorinq mərəhələsi üzrə implementasiyası və onun dəyərləndirilməsi prosesinə rəhbərlik edib.

İctimai fəaliyyət Kamal Cəfərov Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) Azərbaycan nümayəndəliyinin təsisçisi və ilk ilində təşkilata rəhbərlik edib. "ASAN Könüllüləri" Gənclər Təşkilatının yaradılmasına və inkişafına dəstək vermişdir. O, hazırda korrupsiyanın qarşısının alınmasında ixtisaslaşmış təlim mərkəzi olan Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinə rəhbərlik edir.

2011–2013-cü illərdə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının Baş katibi olub.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları