Abel Makaşvili və ya Avel Makayev (, , ) — Rusiya İmperator Ordusunun, Gürcüstan Demokratik Respublikasının Ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun general-mayoru. O, Birinci Dünya müharibəsinin iştirakçısı olmuş, Cümhuriyyət dövründə isə müxtəlif mühüm hərbi vəzifələri, o cümlədən Quba Hərbi Dəstəsinin rəisi və Gəncə İstehkam rayonunun rəisi vəzifələrini icra etmişdir.
Erkən həyatı Abel Makaşvili 1860-cı il iyunun 6-da anadan olub. O, gürcü zadəgan nəslindən çıxmışdı. Ümumi təhsilini Yelizavetqrad hərbi progimnaziyasında alıb.
Hərbi xidməti 11 avqust 1877-ci ildə hərbi xidmətə başlamışdır. Kazan piyada yunker məktəbini bitirdikdən sonra, 1880-ci il noyabrın 30-da praporşik kimi 164-cü Zaqatala piyada alayına göndәrilib. 17 dekabr 1881-ci ildə podporuçik, 17 dekabr 1885-ci ildə poruçik, 15 mart 1890-cı ildə isə ştabs-kapitan rütbəsinə yüksəlmişdir. Zabit piyada məktəbini uğurla bitirib. Kapitan rütbəsində bölük komandiri təyin edilib. 26 fevral 1905-ci ildə podpolkovnik rütbəsinə yüksəlib.Список подполковникам по старшинству. Часть I, II и III. Исправлено по 1-е марта 1909. — С-Петербург, 1909, с. 869 Sonra il ərzində batalyon komandiri olub. 1 yanvar 1909-cu il məlumatına əsasən, Başqadıqlar ehtiyat batalyonunda yer alıb. 25 iyun 1914-cü ildə 202-ci Qori piyada alayının komandiri təyin olunub.
Birinci Dünya müharibəsi Birinci Dünya müharibəsi iştirakçısıdır. 1914-cü il oktyabrın 9-dan 16-cı qrenader Minqrel alayının komandiri olub. 18 yanvar 1916-cı ildə ona general-mayor hərbi rütbəsi verilmişdir.
3 noyabr 1916-cı il tarixli "İskra" jurnalından: Knyaz Makayev bizim cəsur diviziyalardan birinin komandiridir. Knyaz daim öz əsgərləri arasında səngərlərdə yaşayır, səngər həyatının bütün ağırlığını onlarla bölüşür. Onun əlində heç vaxt ayrılmadığı əsası olur, onun köməyi ilə o, səngərlərdəki yoxlamaları həyata keçirir. O əsgərlər arasında öz hədsiz qoçaqlığı və populyarlığı ilə tanınır. Əsgərlər onu "bizim səngər generalımız" adlandırırlar.Иллюстрированный журнал «Искры» от 13 ноября 1916 года: № 44
1917-ci ilin martında müvəqqəti olaraq Qafqaz qrenader diviziyasının komandanı olub. 202-ci Qori piyada alayına müvəqqəti komandanlıq etdiyi zaman fərqləndiyinə görə Georgi silahı (4 mart 1917-ci il) ilə təltif olunub. 26 aprel 1917-ci ildən 1-ci Qafqaz qrenader diviziyasının briqada komandiri olub. Oktyabr inqilabından sonra istefaya çıxıb.
1918-ci ildən Gürcüstan Ordusunda Ahalsıx general-qubernatoru və Tiflis hərbi komendantı kimi fəaliyyət göstərib.
Azərbaycan Xalq Cümhuriyyəti ordusunda 7 avqust 1919-cu ildə general-mayor rütbəsində Azərbaycan Xalq Cümhuriyyəti ordusunda həqiqi hərbi xidmətə qəbul edilmişdir. 12 avqust 1919-cu ildə 1-ci piyada diviziyası komandirinin müavini və Xankəndi qarnizonunun rəisi təyin edilib. Həmin ilin 27 sentyabrdan, 27 yanvar 1920-ci ilə kimi general İbrahim ağa Usubovun xarici ezamiyyətdə olması ilə əlaqədar 1-ci piyada diviziyasının komandiri vəzifəsini müvəqqəti icra edib. 8 dekabr 1919-cu ildə Quba Hərbi Dəstəsinin rəisi vəzifəsinin icrası ona həvalə edilib. 30 mart 1920-cu ildə Gəncə İstehkam rayonunun (Qazax, Şəmkir və Gəncə qəzaları daxil olmaqla) rəisi təyin edilib. 1920-ci ilin aprel ayında vəzifəsindən azad edilmiş və yenidən 2-ci piyada diviziyası komandirinin müavini təyin edilmişdir. Cümhuriyyətin süqutuna qədər bu vəzifədə qalmışdır
Ölümü haqqında versiyalar Onun 1920-ci ilin mayında Gəncə üsyanından sonra bolşeviklər tərəfindən güllələndiyi ehtimal edilir. Bir versiyaya görə bolşeviklər tərəfindən (Xəzər dənizində boğublar) qətlə yetirilib. Digər bir versiyaya görə isə, Daşnaksütun partiyasının qərarı ilə minlərlə Cavax ermənilərinin ölümündə günahkar kimi erməni terrorçuları tərəfindən güllələnib.
Təltifləri
Müqəddəs Stanislav ordeni, 1-ci və 2-ci dərəcələr (qılıncla birlikdə, 1917, 1899); Georgi silahı, şücaətə görə (1917); Müqəddəs Vladimir ordeni, 3-cü və 4-cü dərəcələr (qılıncla birlikdə, 1910); Müqəddəs Anna ordeni, 2-ci dərəcə
İstinadlar
Xarici keçidlər
Gürcüstan Mühacirlərinin Bioqrafik Lüğətində Makaşvili haqqında bölmə
Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Boğularaq edam edilən insanlar Kateqoriya:Gürcüstan zadəganlığı Kateqoriya:Rusiya İmperator Ordusunun generalları Kateqoriya:Sovet İttifaqında Qırmızı Terrorun qurbanları