Qafan rayonu — Ermənistan SSR və Ermənistan respublikası ərazisində 1930–1995-ci illər aralığında mövcud olmuş rayon. Mərkəzi Qafan şəhəri idi. Zəngəzurda azərbaycanlıların tarixən ən geniş məskunlaşdığı rayon Qafan (hazırda Kapan) rayonu sayılır. Zəngəzur Ermənistana verildikdən sonra Qafan rayonu inzibati ərazi kimi 1930-cu il sentyabrın 9-da təşkil olunmuşdur. Qafan rayonu Qubadlı, Qarakilsə, Gorus, Meğri, Ordubad və Zəngilan rayonları ilə həmsərhəddir. Ərazisi 1.345 km² təşkil edir. Əhalinin orta sıxlığı 1988-ci ildə hər kvadrat kilometrdə 22 nəfər, Qafan şəhərinin özündə isə 300 nəfər təşkil etmişdir.
Hazırda Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsünə görə Qafan adlı rayon var.
Təbiəti Qafan rayonu Zəngəzurun cənub hissəsində yerləşən, sıldırım qayalar, sərt uçurumlar, sıx meşələr, keçilməz çılpaq dağlar, bir-birini kəsib keçən dərin dərələr diyarıdır. Cənub-şərqdən Bərgüşad, cənubdan Mığri dağ sil-siləsi, qərbdən Xustub zirvəsi (3202 m) ilə əhatə olunmuşdur. Oxçuçayın orta axarında və Xustub zirvəsinin şərq hissəsində Qafan çökəkliyi yerləşir. Xustub dağının hər tərəfində özünəməxsus gözəl dağətəyi vadilər, vadilərdən qalxıb dikələn təpələr, meşəli yamaclar, güneyli-quzeyli otlaqlar, kolluqlar bu dağlıq rayonun gözəlliyinin əsrarəngizliyini daha da artırır, füsunkar və cazibədar edir. Qafanın təkrarsız təbiəti və bitki örtüyü çox qədimlərdən səyyah və tədqiqatçıların diqqətini özünə cəlb etmişdir. Hələ XIV əsrdə tanınmış İran alimi və salnaməçisi Fəzlullah Rəşidəddin özünün "Ahsar və əhya" ("Təsir və dirçəliş") əsərində yazırdı: "Ərğüvan bəzək ağacıdır, Naxçıvan vilayətinin Qafan dağlarında və İsfahanda çoxdur". "Zoğal ağacı gavalı ağacına bənzərdir; Naxçıvan vilayətinə aid olan Qafanda, Gəncənin və Gürcüstanın bəzi vilayətlərində bitir". Bu yazıda iki fikir diqqəti cəlb edir. Burada Qafanın orta əsr təbiətinə dair dəyərli informasiya verilir və Qafanın Naxçıvan vilayətinə aid olması faktı göstərilir.
Zəngəzurdakı ən uca dağ zirvəsi olan Qapıçıq (3.904 m) zirvəsi də Qafan rayonunun ərazisindədir. Rayon ərazisinin 25%-dən çoxunu dağ aşırımları və qayalıqlar təşkil edir. Qafan rayonu dağ-mədən rayonu kimi iki yüz əlli il bundan öncə məşhur olmuşdur. Qaçaran (əvvəllər Gecəlan) mis-molibden, Qafan (əvvəllər Qatar) mis və Gümüş (polimetal) mədən yataqları, şist, bazalt layları ehtiyatı orta əsrlərdən məlum idi. Ancaq bu yataqların əsaslı işlənməsinə XVIII əsrin ikinci yarısında fransızlar tərəfindən başlanılmışdır. Onlar bölgədə ilk müasir misəritmə zavodunu Qafanda tikmişlər. Bütün Zəngəzur ərazisi kimi, Qafan rayonu da aktiv seysmik zonaya daxildir. 1931 və 1968-ci illərdəki zəlzələlər zamanı rayonda xeyli dağıntılar olmuşdur.
Qafan rayonunun dağətəyi yerlərində iqlim quru və qismən subtropik, dağlarda isə sərt soyuq havalarla səciyyələnir. Vadilərdə illik orta temperatur +12 °C təşkil etdiyi halda, dağlarda orta temperatur 0 və −14 °C olur. Yanvar ayında isə şaxtalar −15–25 °C-yə çatır. Qafanda iyul ayında orta temperatur +22°С təşkil edir. İllik yağıntıların miqdarı 500 mm, dağlarda 850 m m olur.
Oxçu, Gığı, Şixahuz, Sav, Çavundur çayları rayonun ərazisindən keçir. Oxçuçay hövzəsinin yuxarı hissəsində "Turşsu" deyilən məşhur mineral bulaqlar vardır. Qazangöl və Yaşılgöl gölləri də Zəngəzurun uca dağlarında yerləşir. Rayonun ərazisində dağ və meşə torpaqları, alp çəmənlikləri üstünlük təşkil edir. Qafan rayonu Zəngəzurun ən "yaşıl" rayonu sayılır. Burada meşələr ərazinin 30%-ni təşkil edir (42.034 hektar). Meşələrdə əsasən vələs, palıd, vən (göyrüş), ağcaqayın, cəviz ağacları bitir. Orta hesabla, Qafan meşələrində bitən hər yüz ağacdan biri cəviz ağacıdır. Dərin meşələrdə sərt şaxta olmadığı üçün cəviz ağacı bu meşələrdə uzun ömür sürür. Kolluqlar, meşələr dadlı armud, əzgil, zoğal, yemişan, badam, itburnu, quşarmudu, dağdağan, püstə ağacları ilə doludur. Meşələrdə ayı, qaban, cüyür, dağ keçisi, vəhşi qoyun (muflon), canavar, bəbir, vaşaq, müxtəlif quş növləri vardır.
Tarixi 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1345 km²-dir. Rayon mərkəzi respublika tabeli Qafan şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 320 km-dir.
Qısa tarixi oçerk Qafan rayonunun ərazisində insanlar hələ e.ə. VI əsrdə məskunlaşmışlar. Albaniyanın Sünik (Sisakan) vilayətinin qədim alban və erməni mənbələrində adı çəkilən Qatar, Baqx, Zork, Qovsak əyalətlərinin coğrafi miqyası indiki Qafan rayonunun ərazisinə uyğun gəlir. Qafan rayonunun ərazisi qədim Qafqaz Albaniyasının bir bölgəsi kimi uzun illər Arran dövlətinin təsiri altında olmuşdur. Bir müddət bu ərazi İranın, sonra isə ərəb xilafətinin hakimiyyəti altına keçmişdir. 970-ci ildə isə bu ərazi Sünik knyazının əlinə keçmiş və qısa müddət sonra Qafan knyazlığın paytaxtı elan edilmişdir. Babəkin xilafətə qarşı mübarizəsinin son dövrləri Zəngəzurla, o cümlədən Qafan rayonu ilə bağlı olmuşdur. Qafan rayonunda son zamanlara qədər xarabalıqları qalan Oxçu qalası, Qır qalası, Babək qalası və s. qədim istehkamlar, bu yerlərin Bəzzeyn dağları ilə yaxın ərazilər olması, xürrəm- dinlər hərəkatı ilə bağlı tarixi mənbələrdə Qafan rayonunun ərazisindəki toponimlərin adlarının çəkilməsi və digər dəlillər Qafan rayonunun atəşpərəst babalarımızın məskəni olduğunu bir daha təsdiq edir. Zəngəzurun bu bölgəsi öz coğrafi və strateji mövqeyinə görə III–IV əsrlərdən başlayaraq bir çox dövlətlərin işğalına məruz qalmışdır. Qafan rayonunun adı tarixi mənbələrdə 1034-cü ildən başlayaraq Kapan şəklində çəkilir. Çox güman ki, bu ad qədim türk tayfalarından olan peçeneqlərin kapan tirəsinin adı ilə bağlıdır. Kapan, Qafan, Qapan adı ilə Türkiyədə, Azərbaycanda (Qapanlı), Gürcüstanda və Şimali Qafqazda yaşayış məntəqələri vardır. Bu da toponimin tayfa adı ilə, etnosla bağlılığını göstərən əlamətdir. Peçeneqlərin bu yerlərə gəlişindən əvvəl Albaniyanın Sünik vilayətinin ərazisinə daxil olan Qafan mahalı Haband, yaxud Aband adlandırılmışdır. Aband mahalının adı Moisey (Musa) Kalankatlının "Alban tarixi" əsərində Arsağın bir əyaləti kimi qeyd olunur. Bu yerin adı Moisey Xorenatsinin "Tarix"ində də Sisakan vilayətinin Haband bölgəsi kimi göstərilir. Bu şəhərin adı Qafan şəklində ilk dəfə fars mənbələrində Rəşidəddin tərəfindən işlədilmişdir. Orta əsr İran tarixçisi və coğrafiyaşünası Həmdullah Qəzvini 1345-ci ildə yazdığı "Zeyli-tarixi-güzidə" ("Seçilmiş tarixə əlavə") kitabında nəql edir: "Əmir Hüseyn Çobaninin oğlu Əmir Qoç Həsən, Əmir Şeyx Həsən Çobanidən daldalanıb Qafan yaxınlığında olan Qarakilsəyə qaçdı və orada gizləndi". Qafan şəhəri XVIII əsrə qədər Kapan qalasından (erməni mənbələrində Bağaberd) ibarət olmuşdur. Kapan qalası Kapan-Qacaran (oğuzların qacar tayfalarının adı ilə bağlıdır) şose yolunun üstündə, Oxçuçayın sağ sahilində, indiki Qafan şəhərindən 10 km şimalda yerləşmişdir. Ermənilər öz çirkin niyyətlərinə gələcəkdə nail olmaq məqsədilə azər-baycanlıları aldadıb, onların razılığı ilə torpaqları kilsənin sərəncamına keçirmiş, beləliklə, yüz illər ərzində Qafanın bir çox azərbaycanlı kəndlərini bu yolla özününküləşdirmişlər. 1103-cü ildə Səlcuq türkləri paytaxtı Qafan şəhəri olan Sünik knyazlığını darmadağın etmiş, onların bir hissəsini Oxçuçayın sahilində (Zeyvəyə yaxın) Bağaberd deyilən bir qəsəbəyə, bir hissəsini isə Zəngəzurun digər kəndlərinə qovmuşdular. Nəhayət, 1170-ci ildə ermənilərin nankorluğu uçbatından Səlcuq türkləri onları Bağaberddən və digər kəndlərdən də qovmağa məcbur olmuşlar. Çox keçmədən İran-Tiirkiyə münaqişələrinin başlanmasından istifadə edən erməni knyazı İsrail Orbelyan Qafanın bir hissəsini yenidən ələ keçirə bil-mişdi. Təəssüflər olsun ki, Qafanın tarixi abidələri, qalaları, qədim yazıları, məscid və kilsələri ilə bağlı foto şəkillərin qalmaması qeyd olunanları oxucuya dolğun şəkildə çatdırmağa imkan vermir. Hər hansı qərəzli milli münasibətə yol vermədən cəsarətlə deyə bilərəm ki, bu bölgənin kəndlərindəki kilsələrin heç biri ermənilərin tikdirdikləri abidə deyildir. Şəhərcik və Keypəşin kəndləri haqqında qeyd edəcəyim faktlar dediklərimi əsaslandıracaq. Tarixi mənbələrə istinad etməklə mübahisəsiz deyə bilərik ki, sözün həqiqi mənasında hər iki kənddəki tikintilər alban abidələri olmuşdur. Məsələn, müqayisə üçün deyə bilərəm ki, Keypəşin yaxınlığında təkrarolunmaz təbiəti ilə seçilən Hüçütü adlanan yerdə (əvvəllər key- pəşinlilər orada yaşayırmışlar) kilsə ilə məscid üz-üzə tikilmişdi. Biz gənclik illərimizdə o yerlərə dəfələrlə gedib-gəlmişik. Lakin məscidlə kilsənin nə üçün üzbəüz tikilməsi barədə suallarımıza cavab tapa bilməmişik. Üstəlik, onu da deyim ki, bu səpkili qarışıq tipli tarixi abidələr Qafanda kifayət qədərdir. Şəhərin mərkəzindən 7 km şimalda, Oxçuçayın sol sahilində yerləşən, şimaldan, şərqdən və qərbdən dağlarla, dərələrlə, sıx meşələrlə əhatə olunmuş qədim sırf azərbaycanlı kəndlərindən biri Şəhərcik kəndi idi. Bu kəndin tarixən Azərbaycan kəndi olmasını sübut edən dəlillər çoxdur. Birincisi, kənddə ermənilərin işğalında qalan qəbiristanlığı 3 qatdan ibarətdir. Hər qatın arxeoloqlar tərəfindən araşdırılması nəticəsində sübut edilib ki, bu qəbrlərin tarixi min illərə bərabərdir. Hər mərtəbədə qəbrlərin üzərində sal daşlar qoyulmuşdur ki, bu da müsəlman adətinə uyğundur. İkincisi, kəndin qəbiristanlığında Bəndər padşahın (VII–VIII əsr) qəbri və qəbirüstü yazısı saxlanılır ki, kənd camaatı oranı daima ziyarət edirdi. Üçüncüsü, kəndin bilavasitə yaxınlığında alban kralı Sənəkərimin qızının 913-cü ildə tikdirdiyi kilsənin daşı üzərindəki yazılar onun alban kilsəsi olduğunu sübut edir. XIV əsrin sonunda Əmir Teymur Qafanı və Zəngəzurun başqa ərazilərini tutaraq, onsuz da sayca çox az olan erməniləri oradan qovub Gürcüstana, azərbaycanlıları isə İsfahana və İraq sərhədlərinə köçürmüşdür. Qafan rayonu XV əsrdə Qaraqoyunluların və Ağqoyunlularm, 1510-cu ildən isə Səfəvi xanədanının təsir dairəsində olmuş, 1578-ci ildə yenidən Osmanlıların tabeliyinə keçmişdir. Tarixi mənbələrin verdiyi bilgilərə əsasən, Qafan rayonu ərazisində mis yataqlarının XIII əsrdə kəşf edilməsi qənaətinə gəlmək olur. O vaxtlar Ecanan mis mədənləri mühüm əhəmiyyət kəsb etmişdir. Burada karxana adlı misəritmə sahəsində (qalıqları Qafan şəhərinin yaxınlığındadır) uzun müddət mis emal edilmişdir. Orta əsrlərdən başlayaraq Qafanda mis-molibden mədənləri tapılmış və mis istehsalı geniş vüsət almışdir. XIX əsrin ortalarında fransızlar Qafan şəhərində o dövr üçün müasir sayılan avadanlıqlarla təchiz edilmiş mis istehsalı zavodu qurmuşdular. Burada hər il bir neçə yüz ton mis əridərək Avropanın bir çox ölkələrinə satırdılar. Maraqlı bir faktı qeyd etmək istərdim. Fransanın keçmiş prezidenti de Qollun atası da o sahibkarların arasında olmuşdur. Ona görə də 1966-cı ildə Fransa prezidentinin Qafana planlaşdırılan səfəri atasının çalışdığı yeri görmək məqsədi daşıyırdı. Qafanın mis mədənlərinin böyük hissəsi adlı-sanlı Sultanovlara, Qatar və Keypəşindəki mis mədənləri isə Xoca Əmirova məxsus idi. 1853-cü ildə Xoca Əmirov Qatar və Keypəşin kəndlərinin mis mədənlərindən ildə 400 puda qədər mis istehsal edib xaricə satırdı. Zəngəzur qəzasında üç Sultanovlar nəsli var idi. Onların bir-biri ilə qohumluq əlaqəsi barədə bir şey deyə bilmərik. İndiki Laçın rayonundan olan Sultanovlar nəslən, ata- babadan varlı olmamışlar. Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun babası çarvadar imiş. Qatırçı Murad varlanıb Zəngəzurun bəylərindən olan Əsəd Sultanlının qohumu ilə evlənərək onu Laçına gətirmişdi. Sultanovlar maldarlıqla məşğul olmuş, xeyli mal-heyvan saxla-mışlar. Onlar Laçın meşələrindən qiymətli ağacları kəsdirib Fransaya gön-dərirmişlər. Laçınlı, qafanlı Sultanovları şəxsən yaxından tanıyan Nəzər Heydərov öz xatirilərində qeyd edir ki, Qafanın Danzaver(Armudlu) kəndindən olan və onların Pirçivanda yaşayan əmisi oğlanları, yəni ikinci və üçüncü Sultanovlar isə nəslən zadəgan idilər, özləri də təmiz azərbaycanlı idilər.