Fazil Nəriman oğlu Ələkbərov () — Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri (2017–2021), general-leytenant.

Həyatı 1971-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Arbatan kəndində anadan olmuşdur. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1990–1992-ci illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1992–2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ayrı-ayrı struktur qurumlarında müxtəlif vəzifələrdə işləmişdir.

2010–2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, 2015–2017-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 343 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi, 2016-cı il 3 fevral tarixli 1765 nömrəli Sərəncamı ilə general-mayor, 2018-ci il 29 iyun tarixli 261 nömrəli Sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin 2017-ci il 25 avqust tarixli 80-VFR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. 4 noyabr 2021-ci ildə vəzifəsindən azad edilmişdir.

Təltifləri Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 364 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 2015-ci il 18 mart tarixli 1119 nömrəli Sərəncamı ilə "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı, 2017-ci il 27 mart tarixli 2765 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.

Ailəsi Ailəlidir, üç övladı var. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun xalası oğlu və qudasıdır. Qızı Vasif Talıbovun oğlu Seymur Talıbov ilə evlənmişdir.

İstinadlar

Kateqoriya:Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirləri Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar